Qarabağdan qaçan ermənilərin hekayələri – Jurnalist Marut Vanyan

Baş səhifə
Qarabağdan qaçqın olan jurnalist Marut Vanyan açıq havada müsahibə verir. Fotonun sol tərəfində bir ağac görünür.
Şəklin alt yazısı, BBC Azərbaycanca müxbiri Aleksey Manvelyan Tramp marşrutunun keçəcəyi nəzərdə tutulan yol üzərində Qarabağdan qaçqın olan jurnalist Marut Vanyanla söhbət edib

Marut Vanyan: “Müharibə başlayandan beş il keçib, qaçqın axınını isə iki mərhələyə bölmək olar.

2023-cü ildə, demək olar ki, bütün Qarabağ Ermənistana köçdü. Hadrut və Şuşa əhalisi isə, yarı zarafat, yarı ciddi, özlərini daha stajlı qaçqın sayırlar.

Onlar 2020-ci ildə iki dəfə qaçqına çevrilib: “Əvvəlcə Stepanakertdə sığınıb, sonra isə hamımız bir yerdə Ermənistanda peyda olduq”.

Biz, özü də Qarabağ qaçqını olan jurnalist Marut Vanyanla danışıram. Söhbətimiz Tramp marşrutunun keçəcəyi nəzərdə tutulan yol üzərində baş verir.

Sovet dövründə burada, Araz çayının sahilində Meğri dəmiryol stansiyası olub. Arazın o biri sahilində İran İslam Respublikasının ərazisi görünür.

Marut Qarabağı 19 sentyabr 2023-ci ildə tərk edib. Ermənistanda olduğu illəri üç dövrə bölür.

Paylaşımını ötürün YouTube

Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Marut Vanyan: “Artsaxlılar Ermənistana gələndə, ilk dövrdə istər hökumət, istər ictimaiyyət tərəfindən çox səmimi qarşılanıblar.

Rəsmi səviyyədə də yaxşı təşkil olunmuşdu. Yerli sakinlər də qaçqınları öz evlərinə aparırdılar. Sonra nizamlama prosesi başladı. Maddi yardım proqramı üzrə hər birimizə 50 min dram verilirdi”.

Aprel ayından bu yardım proqramı ləğv olunub.

Marut Vanyan: “İndi yardımları kəsiblər və son dərəcə ehtiyacı olan qruplara verirlər. Və uşaqlara. Hər uşaq üçün 30 min dram.

Ancaq qarabağlıların hamısı özünü son dərəcə ehtiyacı olan sayır. Ola bilsin ki, bir hissəsi orada nisbətən varlı olub. Bütün əmlakını, olub-olmazını qoyub çıxıb”.

O deyir ki, insanların bir nömrəli problemi mənzil problemidir. Qaçqınların gəlişi evlərin satış və icarə qiymətlərinin qalxmasına səbəb olub. Bu da mühacirətin artmasına gətirib.

“Son iki ayda ölkədən gedən qarabağlıların sayı 10-11 minə çatırdısa, İndi bu rəqəm daha 4-5 minə qədər artıb, 16 minə çatıb”, Marut Vanyan deyir.

Marut Vanyan əlavə edir ki, “Mehmanxanada bir otaq icarə edib yaşayıram. Mənə daha 50 min dram yardım düşmür. Əlbəttə, 50 minə kirayə haqqı ödəmək, yemək, yaşamaq… –bu, mümkün deyil. Amma çoxuşaqlı ailələr üçün yetərli yardım idi. Bir yerdə də bir iş tapsalar, müəyyən bir qərara gələnə kimi yola getmək olardı”.

BBC News Azərbaycanca: İndi yerli əhalinin qaçqınlara münasibəti necədir?

Marut Vanyan: “Əlbəttə, qarabağlı-ermənistanlı əhvalatı təzə başlanmayıb. Amma indi daha çox gözə çarpır. Yəqin ona görə ki, indi Ermənistana daha çox qarabağlı gəlib, təbii ki, başqa bir statusla.

Əlbəttə, çoxları belə düşünmür.

Sosial şəbəkələrdə narazılıqlar səslənir: “Bu qarabağlılar gəlib hamısı Yerevanda yaşamaq istəyir. Niyə sərhəd kəndlərinə getmirsiniz? Hökumət sizə o qədər pul ayırır.

Lap qarabağlıların hamısını mənzillə təmin etsələr belə, ədalətsizlik təsəvvürü yaranacaq. Gümrüdə zəlzələdən zərər çəkən də deyəcək: 88-ci ildən vaqon tipli evcikdə yaşayıram. Niyə artsaxlıya ev verirlər, mənə – yox.

Bir şeyi də nəzərə almaq lazımdır ki, qarabağlıların az qala yarısı paytaxt Stepanakertdə yaşayıb. Başqa şəraitdə yaşayıb, banklarda, idarələrdə, ofislərdə çalışıblar. Yerevanda da bütün bu ştatlar məşğuldur. Burada alternativ iş tapmalıdırlar… Bunun hamısı problemdir”.

BBC News Azərbaycanca: Gələcəyi necə görürsünüz?

Marut Vanyan: “Artsaxlıların gələcəyə dair gözləntiləri qeyri-müəyyəndir. Əksəriyyəti bir möcüzə ümidi ilə yaşayır ki, nə isə dəyişə bilər – geri qayıdarlar.

Lakin bu, daha çox fərziyyələr sırasındandır”.

BBC News Azərbaycanca: Sən özün qayıdarsanmı?

Marut Vanyan: “Əlbəttə. Lakin, istər-istəməz bir az da realist olmalıyam… Bir az da təsəvvür etməliyəm: necə qayıda bilərəm? Ürəyim çox şey istəyir, lakin…”.

BBC News Azərbaycanca: Bəs nədir qayıtmağınıza mane olan? Niyə qayıtmırlar?

Marut Vanyan: “Heç bir artsaxlı Azərbaycan Qarabağına getməyə hazır deyil və getmək istəmir. Hamısı bir ağızdan deyir ki, biz başqa statusla Artsaxa qayıtmaq istəyirik. Qoy başqa status olsun, başqa bir, Rus sülhməramlılarına bənzəməsin, lakin üçüncü qüvvə olsun… dünyada belə nümunələr vardır, yox? Hər halda, heç kim Azərbaycan Qarabağına qayıtmaq istəmir”.