
Bakı.Trend:
Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və
hesab məlumatlarının ələ keçirilməsi cəhdləri var. Fırıldaqçılar
adətən özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını
və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, heç bir bank əməkdaşı sizdən PIN-kod, CVV, SMS
təsdiq kodu və ya şəxsi məlumatlar istəmir. Əgər kart hesabınızda
şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar, pul köçürmələri müşahidə
etmisinizsə, dərhal 102 Zəng Mərkəzinə məlumat verin. Hər hansı
şübhəli zəng, mesaj və ya keçid (link) aldığınız zaman reaksiya
verməyin, heç bir məlumat paylaşmayın və dərhal polisə müraciət
edin.
“Tövsiyəmiz ondan ibarətdir ki, kart əməliyyatlarınızı mütəmadi
olaraq yoxlayın, mobil tətbiqlərdə “bildiriş” funksiyasını aktiv
saxlayın, rəsmi olmayan sayt və keçidlərə daxil olmayın, şübhəli
hallarda yalnız bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın”.


