
Bakı. Trend:
Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad
olunmuş Cocuq Mərcanlı kəndindən başladı. İkinci Qarabağ
müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə,
Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq
bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də
Cəbrayıl şəhəri işğaldan azad edildi.Ali Baş Komandan İlham
Əliyevin Azərbaycan xalqı qarşısında dediyi bu sözləri 31 iyul
2023-cü il tarixdə imzaladığı sərəncamla əbədiləşdirdi. 4 oktyabr
Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq beş ildir ki,
cəbrayıllılar, eləcə də bütün Azərbaycan xalqı bu təqvim gününü
yüksək əhval ruhiyyədə böyük təntənə ilə qeyd edirlər.
Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan
Cəbrayılda da azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və
bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir,
sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün
bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək
səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
2020-ci ilin 4 oktyabrından başlayaraq Dövlətimizin başçısı
dəfələrlə rayona səfər edərək, görülən işlərlə yaxından tanış olur,
təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq
və tövsiyələrini verir. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan
İlham Əliyev rayona səfərləri zamanı Cəbrayıl şəhərində və qədim
Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb.
Elə bunun nəticəsidir ki, sabah Cəbrayıl şəhərində
Respublikamızın müxtəlf bölgələrindən köçürülərək daimi
məskunlaşmaları təmin edilmiş 117 ailə 364 şəhər sakini Cəbrayıl
şəhəri gününü öz döğma ata-baba yurdlarının əbədi sakinləri kimi
qeyd edəcəklər. Əlbəttə ki, ərazisində park, sosial-məişət
obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət
guşələri, uşaq oyun və idman meydançaları da olan, bütün
avadanlıqları ilə tam təmin olunmuş dördmərtəbəli və beşmərtəbəli
binaların mənzillərində yaşayan Cəbrayıllıların sevincinin
həddi-hüdudu yoxdur.
30 il yurd həsrətində olan şəhər sakinləri Cənab Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən
torpağını öz canları, qanları bahasına bütövləşdirən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirir , ölümləri ilə xalqa yeni nəfəs verən
şəhidlərimizə rəhmət, sağlamlığını itirmiş qazilərimizə can sağlığı
diləyirlər. Dövlətimizin hərtərəfli qayğısını öz üzərlərində hiss
edən cəbrayıllılar inanırlar ki, tezliklə doğma yurdları
Azərbaycanımızın çiçəklənən diyarına çevriləcək.

