Quruculuğun Cəbrayıl nümunəsi

Baş səhifə

Bakı. Trend:

Bu gün Cəbrayıl şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan
azad edilməsinin 5-ci ili tamam olur. 2020-ci il oktyabrın 4-də
şəhərin azad olunması Vətən müharibəsinin ilk mühüm uğurlarından
biri kimi hərbi əməliyyatların sonrakı gedişatına əhəmiyyətli
təsirini göstərdi, ordumuzun döyüş ruhunu, xalqımızın qələbə əzmini
daha da yüksəltdi. Bu hadisə düşmənin döyüş meydanında tam məğlub
ediləcəyi tarixin uzaqda olmadığını göstərdi.

Vətən müharibəsinin ilk həftəsində Füzuli və Cəbrayıl
rayonlarının bir neçə kəndi, o cümlədən Suqovuşan kəndi işğaldan
azad olundu. Cəbrayıl isə 44 günlük müharibədə azad edilən ilk
şəhərimizdir. Bu baxımdan 27 il işğal altında qalan şəhərin azad
edilməsi Azərbaycanın Vətən savaşında qazandığı ilk strateji uğur
oldu. Cənab Prezident İlham Əliyevin bu tarixi hadisə münasibətilə
müraciət edərək təbriklərini çatdırması, «Biz ədaləti bərpa edirik,
ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini
doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz
zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» -deyə
bəyan etməsi xalqımızın qələbə ovqatını daha yüksəltdi.

Cəbrayıl şəhərinin azad olunmasından sonra ortaya çıxan
acınacaqlı mənzərə erməni vandallığının və barbarlığının növbəti
nümayişi oldu. İşğal dövründə düşmən digər şəhər və kəndlərimiz
kimi Cəbrayılda da daşı daş üstə qoymamışdı. Vətən müharibəsinin
başa çatmasından sonra, 2020-ci il noyabrın 17-də Cəbrayıla səfər
edən cənab İlham Əliyev şəhərin bərpa ediləcəyini, burada inzibati
və ictimai binaların, məktəblərin, tibb ocaqlarının inşa
ediləcəyini, bütün infrastrukturların yaradılacağını bəyan etdi. 5
il böyük zaman kəsiyi deyil. Lakin bu dövrdə Cəbrayıl şəhərində və
ümumilikdə Cəbrayıl rayonunda həyata keçirilən bərpa və quruculuq
işləri cənab Prezidentin sözlərinin sürətlə həyata vəsiqə aldığını
göstərir. Dövlət başçısının dediyi kimi, Cəbrayıl bərpa edilir,
dirçəlir və yenidən həyata qayıdır. 2020-ci ildən başlayaraq həm
şəhərin, həm də bütövlükdə rayonun yenidən qurulması istiqamətində
çoxsaylı layihələr həyata keçirilir.

Bütün bunların nəticəsi kimi rayonda həyat öz axarına qayıtmağa
başlayır. Cəbrayıl şəhərində artıq yaşayış var. 1993-cü ildə
evlərini tərk etməyə məcbur olan şəhər sakinləri ötən ildən
başlayaraq doğma yurda qayıdırlar. İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan
Cəbrayıl şəhərinə respublikamızın müxtəlif ərazilərində
məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin
sentyabrın 26-da yola salınıb. Həmin gün şəhərə 36 ailə – 117 nəfər
qayıdıb. Ümumilikdə isə, ötən bir il ərzində Cəbrayıl şəhərinə 2900
nəfərə yaxın keçmiş məcburi köçkün qayıdıb. Baş plana əsasən
2026-cı ilin sonunadək şəhərdə təqribən 3800 nəfər, 2040-cı ilin
sonuna qədər isə 15 min nəfər sakinin qayıtması nəzərdə
tutulur.

Cəbrayıl şəhərində salınan ilk çoxmənzilli yaşayış məhəlləsinin
təməli 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin
iştirakı ilə qoyulub. Ötən il oktyabrın 4-də açılışı olan kompleks
33 yaşayış binasından ibarətdir. Bu binalarda 712 mənzil var. Bütün
mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə
sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə
keçmiş məcburi köçkünlərə təqdim olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən
sonra ilk səfər etdiyi rayonlardan biri Cəbrayıl olub. Ümumilikdə
isə indiyədək dövlətimizin başçısı Cəbrayıl rayonuna 10 dəfə səfər
edib. Hər bir səfər rayonun və Cəbrayıl şəhərinin həyatında
əlamətdar hadisəyə çevrilib, təməlqoyma və açılış mərasimləri ilə
yadda qalıb. Cəbrayıl şəhərinin yenidən qurulması ilə yanaşı,
rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin
də təməli qoyulub.




Cəbrayılın bərpası da digər rayonlarımız kimi kompleks şəkildə
həyata keçirilir. Cəbrayıl şəhərinin və kəndlərin yenidən qurulması
ilə yanaşı, rayonda yeni infrastrukturlar yaradılır, doğma yurduna
qayıdan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi diqqət
mərkəzində saxlanılır. İndiyədək rayonda enerji və yol
infrastrukturlarının yenidən qurulması istiqamətində onlarla
layihənin təməli qoyulub və onların bir qisminin icrası başa
çatdırılıb. Cəbrayılda yaradılan “Araz Vadisi İqtisadi Zonası”
Sənaye Parkı yalnız rayonun deyil, bütün Şərqi Zəngəzur iqtisadi
rayonunun sosial-iqtisadi prioritetləri baxımından böyük əhəmiyyət
kəsb edir. Əsas fəaliyyət istiqamətləri kimi burada logistika və
ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış
obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər
texnikaların təmiri məntəqələri yaradılır. Hazırda burada
investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti
rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan
keçib.

İndiyə qədər görülən işlərin miqyası göstərir ki, Cəbrayılın
bərpası və quruculuğu möhtəşəmdir. Rayon sürətlə dirçəlir, doğma
sakinlərinə qucaq açır, Azərbaycanın zəfərini və yüksəlişini
dünyaya bəyan edir.

Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş
əraziləri üzrə şəhər günləri təsis olunub. Sözügedən Sərəncama
əsasən 4 oktyabr tarixi ölkəmizdə Cəbrayıl şəhəri günü kimi qeyd
olunur. 2020-ci ilin payızına qədər biz Cəbrayılın işğalından
kədərlə bəhs edirdik. Bu gün isə xalqımız Cəbrayılın azad olunduğu
tarixi, Cəbrayıl şəhəri gününü fərəhlə qarşılayır və qeyd edir. Bu,
xalqımızın şərəfli tarixi, zəfər yürüşünün qürur doğuran
səhifəsidir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı