
Bakı. Trend:
Xaçmaz rayonunda Milli Prokurorluq orqanlarının yaradılmasının
107-ci ildönümü və 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq
işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Trend
xəbər verir ki, bu barədə İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon
prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül
dəstələri qoyublar.
Xaçmaz rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Rayon
İcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluq işçilərini
peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar
arzulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 17 iyul
1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının
yarandığı gün – oktyabrın 1-i Prokurorluq işçilərinin peşə bayramı
günü kimi təsis edilib. Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
prokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində yenilənib,
maddi-texniki bazası möhkəmləndirilib, əməkdaşların hərtərəfli
dövlət qayğısı ilə əhatə olunması üçün zəruri tədbirlər həyata
keçirilib.
Xaçmaz rayon prokuroru Rəşad Məmmədov ölkəmizdə hüquqi dövlət
quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında,
cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan
danışıb.
Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də
prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edərək,
fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda Azərbaycan Respublikası Prokurorluğunun
yaranmasının 107-ci ildönümü və Prokurorluq işçilərinin peşə
bayramı günü münasibətilə Xaçmaz rayon prokuroru Rəşad Məmmədov və
rayon prokurorluğunun əməkdaşı Fəxri Fərmanla təltif edilib.

