
Bakı. Trend:
Azərbaycan Respublikası və İtaliya Respublikası arasında siyasi,
iqtisadi və mədəni əlaqələr müstəqillik dövründən bəri davamlı
olaraq inkişaf edir.
Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
O qeyd edib ki, xüsusilə iqtisadi sahədə bu iki ölkə arasında
əməkdaşlıq son illərdə daha da güclənmiş və strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir.
“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla
yanaşı, həm də enerji əməkdaşlığında aparıcı ölkələrdən biridir.
İtaliya, uzun illərdir ki, Azərbaycanın əsas ticarət
tərəfdaşlarından biridir. Xüsusilə enerji sektoru bu münasibətlərin
mərkəzində dayanır. Azərbaycan İtaliyaya əsasən xam neft və qaz
ixrac edir, İtaliya isə Azərbaycana sənaye avadanlıqları,
texnologiyalar, maşınqayırma məhsulları, qida məhsulları və lüks
istehlak malları ixrac edir.”
Politoloq bildirib ki, İtaliya Azərbaycanın ən böyük ixracat
tərəfdaşıdır.
“Azərbaycan İtaliyaya əsasən xam neft və qaz ixrac edir.İtaliya
Azərbaycandan neft idxal edən Avropa ölkələri arasında birinci
yerdədir. Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 9
milyon 198 min 216,58 ton xam neft ixrac edilib. Bu miqdarda
məhsulun dəyəri 4 milyard 801 milyon 518,97 min ABŞ dolları təşkil
edib. Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı
2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 47,7 %, dəyəri isə 21,8 %
artıb. Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft
ixracında payı 57,76 % olub. Enerji sahəsində əməkdaşlıq
Azərbaycan-İtaliya münasibətlərinin əsasını təşkil edir. Xüsusilə
Cənub Qaz Dəhlizi layihəsi bu münasibətlərin inkişafında mühüm rol
oynamışdır. Bu layihənin bir hissəsi olan TAP (Trans-Adriatik Boru
Kəməri) vasitəsilə Azərbaycan təbii qazı İtaliya vasitəsilə
Avropaya çatdırılır. TAP kəməri 2020-ci ildə istifadəyə verildi.
Kəmər vasitəsilə Azərbaycan qazı İtaliyanın Apuliya bölgəsinə
ötürülür. Bu, Azərbaycanın Avropa qaz bazarına çıxışını təmin edən
əsas arteriyalardan biridir. İtaliya Azərbaycanın Avropa qaz
bazarına çıxışında strateji tranzit və istehlakçı ölkə rolunu
oynayır.”
A.Qarayev qeyd edib ki, bütün bunların məntiqi kimi İtaliya
prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri də böyük əhəmiyyət
kəsb edir.
“Sentyabrın 30-da Prezident İlham Əliyev və İtaliya
prezidentinin birgə bəyanatları iki ölkə arasında münasibətlərin nə
qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev və Prezident Sercio Mattarella çıxışlarında
təkcə siyasi və enerji əməkdaşlığını deyil, həm də təhsil,
mədəniyyət və Avropa İttifaqı ilə əlaqələr sahəsində tərəfdaşlığın
genişlənməsini vurğuladılar.”
Politoloq bildirib ki, ən diqqətçəkən məqamlardan biri,
İtaliya-Azərbaycan Universitetinin açılışı oldu.
“Bu addım təkcə təhsil sahəsində əməkdaşlıq deyil, həm də iki
xalq arasında gələcək nəsillər səviyyəsində körpü rolunu oynayacaq.
Enerji sahəsində TAP və Cənub Qaz Dəhlizi layihələrinin uğurla
həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün Avropanın –
xüsusilə İtaliyanın – enerji təhlükəsizliyində mühüm rol oynayır.
Prezident Mattarella da Azərbaycanın bu sahədə etibarlı tərəfdaş
olduğunu xüsusi vurğuladı və münasibətlərin “ən yüksək səviyyəyə
qaldırılacağı” mesajını verdi. Bəyanatlar həm də onu göstərdi ki,
İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında
fəal rol oynayır və bu istiqamətdə dəstəyini davam etdirəcək.

