FAO aqrar sektorda iqlim təşəbbüslərinin həyata keçirilməsində Azərbaycanı dəstəkləyir

Baş səhifə

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) aqrar sektorda
iqlim təşəbbüslərinin icrasında Azərbaycanı dəstəkləyir.

Trend xəbər verir
ki, bunu FAO Baş direktorunun köməkçisi, FAO-nun Avropa və Mərkəzi
Asiya üzrə regional nümayəndəsi Viorel Qutu Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı
deyib.

O bildirib ki, Azərbaycan iqlim təşəbbüsləri sahəsində öz
liderliyini nümayiş etdirir, xüsusilə də kənd təsərrüfatı və ərzaq
təhlükəsizliyi istiqamətlərində.




V.Qutu qeyd edib ki, Bakı son illərin ən səmərəli iqlim
sammitlərindən biri olan COP29-un uğuru ilə assosiasiya olunur.

Onun sözlərinə görə, COP29 və FAO-nun dəstəyi ilə həyata
keçirilən “Baku Harmony Climate Initiative for Farmers”
təşəbbüsünün işə salınması fermerlərin və kənd icmalarının iqlim
dəyişikliyi ilə mübarizəyə cəlb olunmasında mühüm addım olub. Bu
təşəbbüs ərzaq və kənd təsərrüfatı sistemləri üçün iqlim
maliyyələşməsinin genişləndirilməsini hədəfləyən “Food Agriculture
for Sustainable Transformation” (FAST Partnership) çərçivəsində
flaqman proqrama çevrilib.

Qeyd olunub ki, FAO kənd təsərrüfatı zəncirlərinin
müasirləşdirilməsi, rəqəmsallaşdırılması, laboratoriyaların və
sertifikatlaşdırma sistemlərinin gücləndirilməsi, həmçinin
təsərrüfatların davamlılığını izləmək üçün pilot monitorinq
sisteminin işə salınması istiqamətində Azərbaycanla fəal əməkdaşlıq
edir. Bundan əlavə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə birgə biomüxtəlifliyin qorunması, davamlı meşə
təsərrüfatı, torpaqların deqradasiyası ilə mübarizə və
pestisidlərin idarə olunması üzrə layihələr həyata keçirilir.