Universitetə qəbul olunmuş şəhid xanımları ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

30 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının (ABA)
birgə təşkilatçılığı ilə “Sən tək deyilsən” layihəsinin
istiqamətlərindən biri olan “Gələcəyə əmin addımlarla” şəhid
xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş
keçirilib.

Trend xəbər verir
ki, görüş iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, yaxın
zamanda Zəfər gününün 5 illiyinin qeyd ediləcəyinə diqqət çəkib.
Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan
Ordusunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın əzmi
nəticəsində qazanılıb. O, Vətən uğrunda canından keçən şəhidlərin
xatirəsini böyük ehtiramla yad edərək, ərazi bütövlüyümüz naminə
göstərdikləri fədakarlığı xüsusi vurğulayıb.

Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi
və Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə sosial
siyasətin mühüm tərkib hissəsi kimi şəhid ailələrinin və
aztəminatlı ailələrin dəstəklənməsi daim diqqət mərkəzində
saxlanılır. Onların ictimai-siyasi proseslərdə iştirakının təmin
olunması və mövcud problemlərinin həllinə yönəlik layihələr həyata
keçirilir.

Sədr bildirib ki, qadınların dövlətin ictimai-siyasi həyatında
iştirakı daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə
fəaliyyət dövlət qurumları, özəl sektor və QHT-lərlə birgə həyata
keçirilir. O, xüsusilə şəhid ailələrinin cəmiyyətə inteqrasiyasının
prioritetlər sırasında olduğunu vurğulayıb.

B. Muradova, 2023-cü il sentyabrın 21-də ABA ilə Komitə arasında
imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində qadınların iqtisadi
gücləndirilməsi, aztəminatlı ailələrdən olan qızların təhsili,
regionlarda dəstək mərkəzlərinin yaradılması və digər layihələrin
icrasının nəzərdə tutulduğunu xatırladıb.

B. Muradova, “Sən Tək Deyilsən” layihəsinin “Gələcəyə əmin
addımlarla” proqramının şəhid xanımlarının təhsilinə dəstək
göstərməklə yanaşı, onların ölkənin ictimai həyatında aktiv
iştirakına şərait yaratdığını bildirib. O, layihənin artıq 4 ildir
uğurla icra olunduğunu və bu müddətdə 34 şəhid xanımının təhsilinə
dəstək göstərildiyini qeyd edib.

Çıxışının sonunda B.Muradova əldə etdikləri nailiyyət
münasibətilə şəhid həyat yoldaşlarını təbrik edib: “Biz inanırıq
ki, sizin nümunəvi addımlarınızdan ruhlanan xanımlarımız da
qarşılaşdıqları çətinlikləri inamla dəf edəcək, çalışacaq, təhsil
alacaq və hər zaman xalqına, dövlətinə layiq şəxsiyyət kimi
yaşayacaqlar”-deyə o, əlavə edib.




ABA-nın prezidenti Zakir Nuriyev şəhid xanımlarının
dəstəklənməsi məqsədilə həyata keçirilən layihənin vacibliyini
vurğulayıb və təşəbbüsə görə Komitə sədrinə təşəkkürünü
bildirib.

Z.Nuriyev əldə edilən Zəfərin Ali Baş Komandanın uzun illər
düşünülmüş siyasəti və ordumuzun, əsgərlərimizin canı və qanı
bahasına mümkün olduğunu söyləyib. O, şəhid xanımlarının təhsil
yolunda atdıqları bu addımın bütün cəmiyyət üçün böyük motivasiya
olduğunu, Azərbaycan qadınının gücü, iradəsi və bacarığını nümayiş
etdirdiyini bildirib. Qeyd edib ki, qadınların uğuru bütövlükdə
cəmiyyətin uğuru deməkdir və bu addım təkcə şəhid xanımları üçün
deyil, bütün qadınlar üçün güclü bir mesajdır: “Cəmiyyətin sabahı
qadınların nailiyyətlərindən asılıdır. Onların güclü olması
sabahımızı möhkəmləndirir”.

Çıxışlar dinlənildikdən sonra layihə haqqında film nümayiş
etdirilib. Daha sonra sertifikat və hədiyyələr təqdim olunub.

Layihə iştirakçıları çıxış edərək, övladlarına həm ana, həm də
ata kimi dəstək olmağa, eyni zamanda daim inkişaf edərək örnək
olmağa çalışdıqlarını bildiriblər. Dövlətin daimi dəstək və
qayğısının bu yolda onlara güc verdiyini qeyd edən şəhid xanımları,
layihə çərçivəsində onlara göstərilən diqqətə görə
minnətdarlıqlarını dilə gətiriblər.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, layihə çərçivəsində şəhid xanımlarının təhsil
imkanlarının genişləndirilməsi, onların gələcək karyera
quruculuğuna və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsi
nəzərdə tutulur.