
Bakı. Trend:
Son illərdə Azərbaycan ilə İtaliya arasında münasibətlər dinamik
şəkildə inkişaf edir və bir neçə strateji istiqaməti əhatə edir.
Enerji, ticarət, investisiyalar və texnoloji əməkdaşlıq standart
ikitərəfli təmasların hüdudlarından kənara çıxaraq möhkəm
tərəfdaşlıq bazası formalaşdırır. Bu gün bu əlaqələr təkcə hər iki
ölkənin iqtisadiyyatı üçün deyil, həm də regional və Avropa enerji
bazarlarının sabitliyi üçün mühüm rol oynayır.
İtaliya Prezidenti Sercio Mattarellanın bu gün Bakıya səfəri
gözlənilir. Bu səfər həmin əlaqələrin əhəmiyyətini vurğulayacaq və
müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni
perspektivlər aça bilər.
İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı kimi öz
mövqeyini möhkəm saxlayır. 2025-ci ilin yanvar-avqust aylarında iki
ölkə arasında ticarət dövriyyəsi 8,3 milyard dollara çatıb ki, bu
da Azərbaycanın xarici ticarət dövriyyəsinin dörddə birindən çoxunu
təşkil edir. İxracın əsas hissəsini neft və neft məhsulları təşkil
edir: ilk səkkiz ayda İtaliyaya 4,8 milyard dollar dəyərində 9,1
milyon tondan çox məhsul ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə ixrac dəyər ifadəsində 22 faizə yaxın, həcmdə isə 48
faiz artıb. Bu rəqəmlər təkcə İtaliyanın Azərbaycan neftinin ən
böyük alıcısı kimi rolunu deyil, həm də tərəfdaşlığın daha da
genişlənməsi üçün möhkəm zəmin təşkil edən iqtisadi əməkdaşlığın
dərinliyini nümayiş etdirir.
Ölkələri strateji cəhətdən birləşdirən sektor olan enerji
ikitərəfli münasibətlərin mərkəzində qalır. İtaliya şirkətləri
Azərbaycanda həyata keçirilən irimiqyaslı infrastruktur
layihələrində fəal iştirak edirlər. Məsələn, Mingəçevirdəki 8
noyabr elektrik stansiyası üçün qaz turbinləri və generatorları
İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunub və
xüsusi olaraq bu layihə üçün gətirilib.
Elektrik stansiyasının açılışında Prezident İlham Əliyev
vurğuladı: “Energetika hər bir ölkənin milli təhlükəsizliyi
məsələsidir. Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər
bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər
böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə
bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin
edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı
tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa
qaz təchizatçısı adlandırır”.
Bu gün Azərbaycan qazı 14 ölkəyə ixrac edilir və Cənubi Qafqazı
İtaliya ilə birləşdirən TAP kəməri Avropaya əsas tədarük marşrutu
olaraq qalır. Bu strateji layihə sabit enerji təchizatını təmin
edir və Avropa bazarında əməkdaşlığın daha da genişləndirilməsi
üçün potensial açır.
Əməkdaşlıq ənənəvi karbohidrogen ixracından kənara çıxır.
İtaliya şirkətləri Azərbaycanın enerji, emal, logistika və
infrastruktur layihələrinə investisiya yatırmaqda maraqlı
olduqlarını bildirirlər.
“Italiana Petroli S.p.A.” şirkətinin Direktorlar Şurasının sədri
Uqo Braçetti Peretti Trend-ə müsahibəsində qeyd edib: “Italiana
Petroli S.p.A.” zəngin tarixə malikdir və xüsusilə son illərdə
böyük uğurlar qazanıb. İtaliyada ilk neft şirkəti olaraq, biz
pərakəndə satış, emal və logistika sahələrində geniş təcrübə
toplamışıq. Hesab edirəm ki, Azərbaycan və SOCAR bütövlükdə
İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə
gətirə bilər”.
Əsas diqqət mərkəzində bioyanacaq və emissiyaların azaldılması
üzrə birgə layihələr, o cümlədən elmi-texniki mübadilə və müasir
texnologiyaların tətbiqi də daxil olmaqla bərpa olunan enerjidir.
İtaliya şirkətləri bu sahələrdə əhəmiyyətli təcrübəyə malikdir və
əməkdaşlıq üçün yeni imkanlar açır.
Prezident Sercio Mattarellanın səfəri ölkələr arasında ənənəvi
əlaqələrin möhkəmlənməsinin simvolu olmaqla yanaşı, həm də yeni
təşəbbüslərin başlanğıcı olacaq. Tərəflərin sənaye, infrastruktur,
yüksək texnologiyalar və innovativ layihələrdə əməkdaşlığın
genişləndirilməsi imkanlarını müzakirə edəcəyi gözlənilir.
Azərbaycan üçün bu, yeni investisiyalar və texnologiyalar cəlb
etmək, İtaliya üçün isə Cənubi Qafqazda etibarlı tərəfdaş kimi
mövqelərini möhkəmləndirmək imkanıdır.
Azərbaycan və İtaliya arasında artan tərəfdaşlıq vahid iqtisadi
sektordan strateji əməkdaşlıq modelinə çevrilir. O, enerji,
ticarət, investisiya və texnologiyanı birləşdirərək uzunmüddətli
sabitlik və rifah üçün platforma yaradır. Bugünkü səfər sadəcə
diplomatik jest deyil, hər iki ölkənin əməkdaşlığı genişləndirməyə
və təkcə Cənubi Qafqaz və Avropa regionlarına deyil, həm də qlobal
enerji və iqtisadi kontekstə təsir edəcək gələcəyi birgə
formalaşdırmağa hazır olduğunun əməli təsdiqidir.

