
Bakı. Trend:
Çips məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən
mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən
monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif
məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb
olunub.
“Sınaq nəticəsində “Rekord-2022” MMC-yə məxsus 1 nümunədə
(“Rekord” əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son
istifadə tarixli məhsul partiyası) və “Qəbələ Konserv Zavodu”
MMC-yə məxsus 2 nümunədə (“Chipsim Kabab” əmtəə nişanlı
19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, “Chipsim
Tomat” əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə
tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq
olduğu müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar
istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər
görülərək, qeyd olunan istehsal tarixli məhsul partiyalarının
ticarət şəbəkələrindən geri çağrılması və yığışdırılmasına dair
müvafiq qərar qəbul olunub.
Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını
gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə
qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların
etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd edilir.
Qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast
food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən
həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji
təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal
miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə
3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik
reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu
maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Nəzərə almaq
lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində
müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa
zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu
maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə
üstünlük verməlidirlər”,- deyə məlumatda qeyd edilib.

