“InMerge” Mərkəzi Avrasiyanın əsas innovasiya forumuna çevrilib – Cəlal Qasımov

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən beşinci “InMerge Innovation Summit” zirvə
toplantısı Mərkəzi Avrasiya regionunda innovasiyalar,
investisiyalar və texnologiyaların müzakirəsi üçün ən böyük
regional platformaya çevrilib.

Trend xəbər verir
ki, bu barədə “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov
Bakıda təşkil olunmuş “INMerge Innovation Summit”də çıxışında
bildirib.

O qeyd edib ki, “InMerge” beş il ərzində kiçik bir korporativ
görüşdən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və
regionun digər ölkələrindən siyasətçiləri, investorları,
korporasiyaları, startapları və ekosistem qurucularını bir araya
gətirən əhəmiyyətli bir tədbirə çevrilib.




“Bu gün InMerge Mərkəzi Avrasiyanın əsas innovasiya forumudur,
burada ideyalar və kapital əl-ələ verərək işləyir. Dünən biz
sərmayələrin inkişafı necə sürətləndirdiyini göstərdik, bu gün isə
innovasiyaların həmin sərmayələri necə irəliləyişlərə çevirdiyini
nümayiş etdiririk. Birlikdə onlar regionun gələcəyinin
hərəkətverici qüvvəsinə çevrilirlər”, – deyə C.Qasımov
bildirib.

O, həmçinin cari sammitin miqyasına diqqət çəkib: tədbirdə əsas
istiqamətlər fintex və məsuliyyətli bankçılıqdan tutmuş süni
intellekt, Sənaye 4.0, telekommunikasiya, marketinq və elektron
kommersiyaya qədər olan mövzular üzrə 150-dən çox spiker iştirak
edir, ümumi iştirakçı sayı isə 5 mindən çoxdur. 100-dən çox
startaplar öz layihələrini təqdim edirlər, 80-dən artıq vençur
fondu isə onların inkişafını dəstəkləməyə hazırdır.