Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak
edib.

Trend xəbər
verir ki, əvvəlcə dövlətimizin başçısı memorial lövhənin qarşısına
əklil qoydu.

Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial
Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini
bir dəqiqəlik sükutla yad etdi.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar
Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat
verdi.

Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini
qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın
raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz
xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək
nəsillərə çatdırmaq məqsədi daşıyır.

Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə
birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham
Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış
keçiriblər.

Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən
Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i,
11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”,
“SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız
hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını
itirib, 142 dinc sakin isə yaralanıb.

Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin
endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4
hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə
spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri
simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların
qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.

Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400
kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci
mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi
üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”,
“Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi
dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və
“İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət
göstərir.

Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş
verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi
faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə
soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks
etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər
və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.

Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının
üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı
törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar
yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs
illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə
mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr
olunub.

Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara
baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının
və qələbə əzminin təntənəsinə həsr olunub.

Sonra Prezident İlham Əliyevin Gəncə Memorial Kompleksində şəhər
sakinləri ilə səmimi görüşü oldu.

X X X

Qeyd edək ki, bu memorial yalnız bir abidə deyil, həm də
beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc
əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevrə
konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi
dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq
hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri
vurub, qisasını döyüş meydanında alıb.

Gəncə Memorial Kompleksi həm də gələcək nəsillər üçün
tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli
tarixi isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti
uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.

Allah şəhidlərimizə rəhmət eləsin!