
Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”,
regionun ən böyük innovasiya tədbiri – “İNMerge” sammitinə platin
sponsor qismində dəstək göstərir.
“PASHA Holding”in təşkilatçılığı ilə 29–30 sentyabr 2025-ci ildə
Bakı Konqres Mərkəzində keçiriləcək sammitin məqsədi startaplarla
investorları bir araya gətirərək səmərəli əməkdaşlıqlar üçün
platforma yaratmaq, ideya və təcrübə mübadiləsini təşviq etməkdir.
Tədbir çərçivəsində fintex, telekommunikasiya, e-ticarət və digər
sahələrdən olan qlobal liderlər və innovatorlar görüşəcək,
iştirakçılara beynəlxalq tərəfdaşlıqlar qurmaq və regionun
innovasiya gündəmini formalaşdıran simalarla ünsiyyət imkanı
veriləcək.
Bu il “PAŞA Bank” sammitdə “Məsuliyyətli bankçılıq” mövzusuna
həsr olunmuş xüsusi vertikalın ev sahibliyini həyata keçirir.
Burada məsuliyyət bank sektorunda sadəcə bir seçim və ya trend
deyil, bütövlüyün, etibarın və uzunmüddətli dəyər yaratmağın
ayrılmaz tələbi kimi təqdim olunacaq. Sessiyalarda biznesin
cəmiyyətə verə biləcəyi real fayda, dayanıqlı maliyyə ekosisteminin
formalaşmasında innovasiyanın rolu və qlobal transformasiyaların
regiona təsiri müzakirə ediləcək.
Məsuliyyətli bankçılıq yanaşması maliyyə institutlarının yalnız
iqtisadi deyil, həm də sosial və ekoloji sahələrdə dayanıqlı təsir
göstərməsini nəzərdə tutur. Bu konsepsiya şəffaf qərarverməni,
ətraf mühitə qayğını, cəmiyyət üçün fayda yaratmağı və uzunmüddətli
dəyərin qorunmasını əsas götürür. Etibarlı maliyyə tərəfdaşı kimi
“PAŞA Bank” korporativ sektorda məsuliyyətli bankçılığın inkişafına
dəstək verməkdə və Azərbaycanın iqtisadiyyatının dayanıqlı
inkişafına töhfə göstərməkdə qətiyyətlidir.


