
Bakı. Trend:
Son illər ərzində Azərbaycanda hibrid və elektrik avtomobillərin
sayı 20-30 dəfə artıb.
Trend xəbər verir
ki, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı
maliyyə üzrə eksperti Leyla Hüseynli Bakıda keçirilən “Azərbaycan –
Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində çıxışında deyib.
Onun sözlərinə görə, belə bir artım vergi və gömrük güzəştləri,
həmçinin dövlət stimullarının və özəl maliyyələşdirmənin düzgün
kombinasiya edilməsi sayəsində mümkün olub.
Ənənəvi mənzil fondunun “yaşıl mənzil”lərə çevrilməsindən
danışan Leyla Hüseynli qeyd edib ki, bu, özəl sektor və əhali üçün
böyük səylər və xərclər tələb edir. Dövlət tərəfindən islahatlar və
stimullaşdırıcı tədbirlər olmadan bu proses çox çətindir.
“Qlobal institut olaraq biz – IFC, müxtəlif regionlarda müxtəlif
yanaşmaların olduğunu görürük. Bunlar həm fiskal, həm də
qeyri-fiskal stimullar ola bilər — vergi güzəştləri, faiz
subsidiyaları və ya risklərin bölgüsü mexanizmləri. Bütün bunlar
“yaşıl bina”ların sertifikatlaşdırılmasının daha aktiv tətbiqinə
etməyə kömək edir və zəncirin bütün iştirakçıları üçün fayda
gətirir.”, -deyə L.Hüseynli vurğulayıb.


