Ceyhun Bayramov Maldiv XİN rəhbəri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının
xarici işlər naziri Abdullah Xalillə görüşərək, ikitərəfli
əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
görüşdə yüksək səviyyəli təmasların, siyasi məsləhətləşmələrin və
bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın
inkişafına xüsusi diqqət yetirilib.

Nazirlər ötən il ölkələrimiz arasında birbaşa aviareyslərin
açılmasının vətəndaşların səyahət imkanlarını xeyli
genişləndirdiyini və vətəndaşlar arasında təmaslara töhfə verdiyini
vurğulayıblar.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Maldiv
Respublikası Hökuməti arasında adi pasportlara malik olan şəxslərin
vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i imzalayıblar.