Avrasiya universitetləri qlobal tədqiqat və innovasiyaların inkişafında vacib rol oynayırlar – Şota Potolaşvili

Baş səhifə

Bakı. Trend:

Avrasiya universitetləri qlobal səviyyədə iqtisadi və ekoloji
təsir göstərməklə tədqiqatların və innovasiyaların inkişafında
vacib rol oynayırlar.

Trend xəbər verir
ki, bunu İvane Cavaxişvili adına Tbilisi dövlət universitetinin
keyfiyyətin təminatı xidmətinin rəhbəri Şota Potolaşvili Bakıda
keçirilən Avrasiya universitetləri sammitində çıxışında deyib.

Potolaşvili regionun universitetlərə ekoloji elmlər sahəsində
mühüm üstünlüklər verən unikal coğrafi və mədəni mövqeyini
vurğulayıb.




“Qafqaz və Mərkəzi Asiya kimi regionlar biomüxtəliflik və
iqlimlə bağlı tədqiqatlar üçün həyati əhəmiyyət daşıyan məlumatlar
təqdim edir ki, bu da yalnız regiona fayda vermir, həm də qlobal
modelləşdirmədəki ciddi boşluqları doldurmağa kömək edir”, – deyə o
qeyd edib.

O, həmçinin bilik mübadiləsinin iqtisadi və texnoloji tərəqqinin
stimullaşdırılmasında tarixi rolunu yada salıb.

“Əsrlər öncə İpək Yolu sadəcə ticarət marşrutu deyildi. O
biliklərin ötürülməsi kanalı rolunu oynayırdı. Hind riyazi
modelləri, Çin kağız istehsalı texnologiyaları və Avropa nəqliyyat
innovasiyaları bu şəbəkələr vasitəsilə yayılırdı. İnnovasiyalar heç
vaxt başlanğıcdan universal olmur və bizim vəzifəmiz ondan
ibarətdir ki, biliklər bir yerdə qalmayıb inklüziv şəkildə
yayılsın”, – deyə Potolaşvili bildirib.