
Azərbaycanda ümumi təhsil müəssisələrində çalışan müəllimlərin təhsil səviyyəsi açıqlanıb.
Modern.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 1 oktyabr 2025-ci il tarixinə dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri istisna olmaqla, əsas heyətdə göstərilən ixtisaslar üzrə 86 min 348 müəllim çalışır. Onlardan 82 min 601 nəfəri, yəni 95,7 faizi ali təhsilli, 3 min 747 nəfəri, yəni 4,3 faizi isə orta ixtisas təhsillidir.
Rəqəmlər göstərir ki, orta ixtisas təhsilli müəllim problemi bütün fənlərə aid deyil. Problem əsasən iki fənndə cəmləşib. Belə ki, ingilis dili üzrə çalışan 13 min 304 müəllimdən 2 min 554 nəfərinin, yəni 19,2 faizinin ali təhsili yoxdur, orta ixtisas təhsillidir. Bu o deməkdir ki, ingilis dilində hər 5 müəllimdən 1-i ali təhsilsizdir. İnformatika üzrə isə 6 min 219 müəllimdən 777 nəfəri, yəni 12,5 faizi orta ixtisas təhsillidir. Yəni bu fəndə hər 8 müəllimdən 1-nin ali təhsili yoxdur. Ümumilikdə orta ixtisas təhsilli 3 min 747 müəllimin 3 min 331-i, yəni 89 faizi təkcə ingilis dili və informatika müəllimlərinin payına düşür.
Digər fənlərdə vəziyyət tam fərqlidir. Ana dili və ədəbiyyat üzrə çalışan 15 min 74 müəllimdən 241 nəfəri, yəni 1,6 faizi orta ixtisas təhsillidir. Digər xarici dillər üzrə 1 min 124 müəllimdən 27 nəfəri, yəni 2,4 faizi orta ixtisaslıdır. Riyaziyyat üzrə 13 min 323 müəllimdən 53 nəfəri, yəni 0,4 faizi, tarix üzrə 8 min 652 müəllimdən 35 nəfəri, yəni 0,4 faizi orta ixtisas təhsillidir.
Ən yüksək göstərici isə fizika, kimya, coğrafiya və biologiya müəllimlərindədir. Fizika üzrə çalışan 6 min 234 müəllimin 99,9 faizi ali təhsillidir, orta ixtisaslı müəllim demək olar ki, yoxdur. Kimya üzrə 4 min 835 müəllimin də 99,9 faizi ali təhsillidir. Coğrafiya üzrə 5 min 845 müəllimin 99,9 faizi, biologiya üzrə 5 min 961 müəllimin 99,9 faizi ali təhsillidir. Rus dili üzrə vəziyyət də oxşardır. Rus bölməsində rus dili tədris edən 1 min 14 müəllimdən 9 nəfəri, yəni 0,9 faizi, qeyri-rus bölmələrində rus dili tədris edən 4 min 424 müəllimdən 35 nəfəri, yəni 0,8 faizi orta ixtisas təhsillidir. Gürcü dili üzrə isə 339 müəllimdən cəmi 3 nəfəri orta ixtisaslıdır.

