
Bakı. Trend:
İran heç bir vəchlə beynəlxalq qanunlardan kənar addım atmayıb
və həmişə qonşu ölkələrlə münasibətlərin yaxşılaşmasına
çalışıb.
Bunu İran prezidenti Məsud Pezeşkian bu gün Yaponiyanın baş
naziri Sanae Takaiçi ilə telefon söhbətində deyib.
“İran heç vaxt regionda gərginlik istəməyib. ABŞ və İsrail İrana
hərbi hücumlar etməklə, çoxlu sayda mülki vətəndaşları, Ali Lideri
və məktəblilərin ölümünə səbəb olmaqla və qeyri-hərbi obyektləri
məhv etməklə regionda sülh və sabitliyə zərbə vurublar”, – deyə o
qeyd edib.
İran prezidenti Yaponiyanın diplomatik səyləri ilə regionda sülh
və sabitliyin bərpa olunacağına, müharibəyə mane olacağına ümid
etdiyini deyib.
Telefon söhbətində Yaponiya baş naziri Sanae Takaiçi də rəsmi
Tokionun müharibəyə son qoyulması üçün diplomatik yolları
dəstəklədiyini və bunun İran və regionun uzunmüddətli mənafeyi
istiqamətində olduğunu bildirib.
Takaiçi qeyd edib ki, Yaponiya Hörmüz boğazı ilə əlaqədar İran
və Oman arasında müzakirələrin irəliləməsini müsbət qarşılayır və
müzakirələrin uğurla başa çatması ilə Hörmüz boğazından keçidin tez
bir zamanda bərpa olunacağına ümid edir.
Yaponiya baş naziri İran prezidentindən İranın nüfuzundan
Babül-Məndəbdə gərginliyin artmasının qarşısını almaq üçün istifadə
etməsini istəyib.
Telefon söhbətində iki ölkənin dövlət başçıları ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi və dialoqun davam etdirilməsinin
vacibliyini qeyd ediblər.

