Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı üzrə proqnozlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin iyul ayında Azərbaycanda orta gündəlik xam neft
hasilatı 440 min barel təşkil edib.

Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatına görə, bu
göstərici iyun ayı ilə müqayisədə dəyişməyib.

BEA-nın hesabatında qeyd olunub ki, qlobal neft bazarında
geosiyasi gərginlik və neft təchizatında yaranan fasilələr bazarın
balansına əhəmiyyətli təsir göstərir.

Agentliyin proqnozuna görə, 2026-cı ildə qlobal neft təchizatı
orta hesabla sutkada 4,3 milyon barel azalaraq 102 milyon barelə
düşəcək. 2027-ci ildə isə təchizatın 8,3 milyon barel artaraq
sutkada 110,3 milyon barelə çatacağı gözlənilir.

“2026-cı ildə qlobal neft tələbatının sutkada 1,6 milyon barel
azalacağı proqnozlaşdırılır. Bu, ötən ay açıqlanan proqnozdan 510
min barel çoxdur. Hörmüz boğazının bağlanmasının davam etməsi və
yanacaq qiymətlərinin yüksək olması neft istehlakına təzyiq
göstərməkdə davam edir”, – hesabatda bildirilib.

BEA 2027-ci ildə isə qlobal neft tələbatının sutkada 2,4 milyon
barel artacağını proqnozlaşdırır.

Hesabata əsasən, qlobal neft hasilatı iyul ayında əvvəlki ayla
müqayisədə 2,4 milyon barel artaraq sutkada 101,5 milyon barelə
yüksəlib. Bununla belə, göstərici ötən ilin eyni ayı ilə müqayisədə
6,3 milyon barel aşağı olub. Körfəz ölkələrində hasilatın 8,3
milyon barel hissəsi hələ də bağlı vəziyyətdə qalıb.

BEA qeyd edib ki, iyul və avqustun əvvəlində yenidən başlayan
hərbi əməliyyatlar və dəniz nəqliyyatında yaranan problemlər neft
hasilatının bərpasını çətinləşdirib. Bu səbəbdən 2026-cı ilin
üçüncü rübü üzrə qlobal neft təchizatı proqnozu əvvəlki hesabatla
müqayisədə sutkada 1,7 milyon barel azaldılıb.




“Qlobal neft bazarının 2026-cı ilin üçüncü rübündə sutkada 1,8
milyon barel həcmində kəsirlə üzləşəcəyi gözlənilir. Bu, ötən ayın
hesabatında proqnozlaşdırılan təxminən 800 min barel kəsirdən iki
dəfədən çoxdur”, – BEA bildirib.

Agentliyin məlumatına görə, iyul ayında qlobal neft ehtiyatları
69 milyon barel azalaraq kəskin şəkildə aşağı düşüb. Bu azalmanın
əsas səbəbi dənizdə daşınan neft həcmlərinin azalması olub. İyulun
sonunda qlobal müşahidə olunan neft ehtiyatları 7,9 milyard
bareldən aşağı düşüb.

BEA-nın hesablamalarına görə, fevralın sonundan iyulun sonunadək
qlobal neft ehtiyatları ümumilikdə 410 milyon barel azalıb.

“Bazarın bu ilin sonuna doğru yenidən profisitə qayıtması
gözlənilsə də, risklər əhəmiyyətli olaraq qalır. Əvvəllər mövcud
olan ehtiyat buferləri sürətlə tükəndiyindən Hörmüz boğazının
açılmasının vacibliyi daha da artıb”, – hesabatda vurğulanıb.

Bundan əlavə, iyul ayında neft emalı sektorunda da ciddi
dəyişikliklər qeydə alınıb. Qlobal neft emalı zavodlarının xammal
emalı həcmi aylıq ifadədə 1,8 milyon barel artsa da, ötən ilin eyni
dövrü ilə müqayisədə sutkada təxminən 5 milyon barel aşağı
olub.

BEA bildirib ki, dizel yanacağı, aviasiya yanacağı və benzinin
qiymət fərqlərinin kəskin artması nəticəsində Atlantik hövzəsində
neft emalı marjaları iyul ayında rekord səviyyəyə yüksəlib.

Beynəlxalq Enerji Agentliyi həmçinin qeyd edib ki, iyul ayında
etalon neft qiymətləri təxminən 40 dollar/barel diapazonunda
dəyişib. Şimal dənizi markalı “Dated” neftinin qiyməti ay ərzində
25,67 dollar artaraq iyulun sonunda 96,80 dollar/barelə çatıb və
hazırda təxminən 92 dollar/barel səviyyəsindədir.