
2025-ci ildə Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən qeydə alınmış cinayətlərin sayı 311 olub.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ildə 327 təşkil edib. Beləliklə, bir il ərzində göstərici 4,9 faiz azalıb.
2025-ci il üzrə məlumatı təqdim edilən MDB ölkələri arasında ən yüksək göstərici Ermənistanda qeydə alınıb. Bu ölkədə əhalinin hər 100 min nəfərinə 1501 cinayət düşüb.
Moldovada bu göstərici 974, Belarusda 704, Qazaxıstanda 608, Qırğızıstanda 469, Özbəkistanda 409 olub. Azərbaycandan daha aşağı göstərici yalnız Tacikistanda qeydə alınıb. Bu ölkədə əhalinin hər 100 min nəfərinə 221 cinayət düşüb.
2024-cü illə müqayisədə Ermənistanda göstərici 1326-dan 1501-ə, Özbəkistanda 356-dan 409-a, Tacikistanda isə 215-dən 221-ə yüksəlib.
Azərbaycanda göstərici 327-dən 311-ə, Belarusda 802-dən 704-ə, Qazaxıstanda 659-dan 608-ə, Qırğızıstanda 503-dən 469-a, Moldovada isə 1024-dən 974-ə enib.
Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən qeydə alınmış cinayətlərin sayı 2010-cu ildə 254, 2015-ci ildə 279, 2020-ci ildə 260, 2024-cü ildə 327, 2025-ci ildə isə 311 olub. Göstərici 2010-cu illə müqayisədə 22,4 faiz artıb.

