Xaçmazda 8 188 fermer əkinlərini bəyan edərək subsidiya almaq hüququ qazanıb

Baş səhifə

Bakı. Trend:

Rayon üzrə EKTİS-ə yüklənən bəyan sənədlərinin təxminən 77 faizi
meyvə bağları ilə əlaqədardır.

Trend xəbər verir ki, bu
barədə KTN məlumat yayıb.

Bildirilir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində
payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. Taxıl
səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini
aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin
məlumatlarını sistemə daxil edirlər. Paralel olaraq EKTİS-də
çoxillik əkmələrin bəyanı da həyata keçirilir.

Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə
fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki
dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra
növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini
DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq
əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.

Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan
proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta
tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi
tarixlər barədə geniş məlumat verilir.




Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə
əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin
aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan
yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili
üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.

Xaçmaz rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası
zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri
və digər sualları cavablandırılıb. Qeyd olunub ki, dekabrın 17-dək
Xaçmaz rayonu üzrə 8 188 fermer artıq öz əkinlərini bəyan ediblər.
EKTİS-ə fermerlər tərəfindən 22 917 bəyan sənədi yüklənib. Xaçmaz
rayonu əsasən meyvəçilik üzrə ixtisaslaşdığına görə EKTİS-ə
yüklənən bəyan sənədlərinin təxminən 77 faizi, yəni 17 635 bəyan
çoxillik əkmələrlə bağlıdır. Rayon üzrə payızlıq əkinlərə dair 5
282 bəyan EKTİS-ə işlənib.

Xaçmaz rayonu üzrə əkin bəyanları ümumilikdə 20 912 hektar
sahəni əhatə edir.

Subsidiyaların verilməsinin elektronlaşdırılması rayonlar və
ümumi respublika üzrə əknilərin strukturunu tam dəqiqliklə
müəyyənləşdirməyə imkan verir. Təhlil üçün lazım olan dataların
əksəriyyəti payızlıq və yazlıq əkinlərin bəyanı zamanı EKTİS-də
formalaşır. Mövcud bəyanlar Xaçmaz rayonu üzrə meyvə bağlarının
skturkturunu müəyyən etməyə imkan yaradır. Dekabrın 16-dək Xaçmaz
rayonu üzrə 4297 fermer fındıq bağını, 2949 fermer gilas bağını,
1868 fermer şaftalı bağını, 558 fermer gavalı bağını, 407 fermer
alma bağını, 215 fermer xurma bağını, 200 fermer armud bağını, 195
fermer qaysı bağını, 143 fermer alça bağını, 102 fermer nektarin
bağını, 70 fermer ərik bağını, 43 fermer qoz bağını, 39 fermer
albalı bağını, 33 fermer zoğal bağını, 18 fermer badam bağını, 13
fermer heyva bağını, 11 fermer əzgil bağını, 16 fermer üzüm bağını
(süfrə və texniki), iki fermer nar bağını, 1 fermer püstə bağını, 1
fermer isə əncir bağını EKTİS-də bəyan edərək subsidiya üçün
müraciət edib.

Qeyd edək ki, EKTİS-də respublika üzrə payızlıq əkinlərin bəyanı
prosesi dekabrın 30-da başa çatacaq.