
Bakı. Trend:
İyulun 13-14-də keçirilən IV Şuşa Qlobal Media Forumu maraqlı
müzakirələr, panel sessiyaları və interaktiv görüşlərlə yadda
qaldı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və
etimadın yenidən qurulması” mövzusunda keçirilən Forumun yalnız
respublikamızda deyil, qlobal səviyyədə böyük maraq doğuran tədbiri
Prezident İlham Əliyevin iştirakçıların suallarını cavablandırması
oldu. Prezident nüfuzlu media strukturlarının nümayəndələrinin və
ekspertlərin suallarını cavablandırarkən Azərbaycanın müxtəlif
məsələlərə dair siyasi baxışını təqdim etdi, ölkəmizin strateji
prioritetlərini, regional və qlobal proseslərə yanaşmasını, sülh
gündəliyini, beynəlxalq əməkdaşlıq istiqamətlərini, gələcək inkişaf
hədəflərini dolğun şəkildə dünya ictimaiyyətinə çatdırdı.
Əvvəlcə onu qeyd etməliyik ki, bu tədbir Prezident İlham
Əliyevin yüksək siyasi liderlik keyfiyyətlərinin növbəti təcəssümü
oldu. Ünvanlanan sualların peşəkarlıqla, faktlara və beynəlxalq
siyasi reallıqlara əsaslanan şəkildə cavablandırması Prezident
İlham Əliyevin dərin siyasi-diplomatik erudisiyasını, geosiyasi
prosesləri dəqiq təhlil etmək bacarığını bir daha qlobal
auditoriyanın diqqətinə çatdırdı. Təsadüfi deyil ki, Prezident
İlham Əliyevin Forum iştirakçılarının suallarına verdiyi cavablar
ilk gündən xarici KİV-in diqqət mərkəzindədir.
Şuşa Qlobal Media Forumuna gəldikdə isə qeyd etməliyik ki,
Azərbaycanın uğurlarını, müasir qlobal siyasi-iqtisadi
proseslərdəki iştirakını dünyaya çatdıran bu tədbir artıq
beynəlxalq status qazanıb. IV Şuşa Qlobal Media Forumunda dünyanın
53 ölkəsindən 160-a yaxın KİV nümayəndəsinin, ekspertin və rəsmi
şəxslərin iştirakı da artıq bu tədbirin beynəlxalq media
platforması olduğunu təsdiq edir. Ümumilikdə isə son dörd il
ərzində 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya
gətirməsi Foruma olan böyük beynəlxalq maraqdan xəbər verir.
Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın təşəbbüsü ilə
formalaşan yeni siyasi dialoq və qlobal fikir mübadiləsi məkanı
kimi çıxış edir. Ən əsası, bu tədbir Qarabağın əzəli Azərbaycan
yurdu olduğunu, dövlətimizin işğaldan azad edilmiş ərazilərdəki
quruculuq əzmini dünyaya bəyan edir. Bu baxımdan Şuşa Qlobal Media
Forumunun məqsəd və mahiyyəti ilə bağlı ən dolğun fikri Prezident
İlham Əliyev ifadə edib.
“Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari
çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox
müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki,
Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki,
bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir
göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi
formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və
Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin
qayıtmasını, real inkişafı göstərməkdir”, – deyə Prezident İlham
Əliyev bildirib.
Prezident İlham Əliyev Forumda çoxsaylı sualların hər birinin
cavabında Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətini,
beynəlxalq hüquqa söykənən mövqeyini, geosiyasi prioritetlərini,
regional lider və qalib dövlət kimi formalaşdırdığı yeni
reallıqları sistemli şəkildə şərh etdi. Prezident İlham Əliyevin
şərhləri, məsələlərə yanaşması, səsləndirdiyi fikirlər Azərbaycanın
xarici siyasətinin prioritet prinsiplərinin dəyişməz qaldığını
nümayiş etdirdi. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə ilə
münasibətlərini tətbiq edilməli nümunə kimi dəyərləndirdi,
Pakistan, Mərkəzi Asiya dövlətləri və digər dost ölkələrlə
əlaqələrinin də dinamik inkişaf etdiyini diqqətə çatdırdı. Bu
dövlətlərlə münasibətlər ortaq tarixi-mədəni dəyərlərə, qarşılıqlı
siyasi etimada və strateji tərəfdaşlıqlara əsaslanmaqla yanaşı,
regional əməkdaşlığın genişlənməsinə, Avrasiya məkanındakı iqtisadi
bağlantıların inkişafına xidmət edir.
Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinə də
toxunaraq qeyd etdi ki, hazırda münasibətlər heç zaman görmədiyimiz
zirvə səviyyəsindədir. Bəli, Bayden Administrasiyasının
dövründəkindən fərqli olaraq bu gün Azərbaycan-ABŞ münasibətləri
tamamilə konstruktiv məcrada və strateji əməkdaşlıq ruhunda inkişaf
edir. Prezident İlham Əliyevin “Bu gün biz strateji tərəfdaşlıq
haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə
işləyirik” fikri Bakı-Vaşinqton xəttinin strateji xarakterini
dünyaya təqdim etdi.
Ümumilikdə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər
göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində
qarşıdurmanı deyil, dialoqu və əməkdaşlığı təşviq edən, bütün
tərəfdaşlarla bərabərhüquqlu münasibətlər qurmağa üstünlük verən
müstəqil siyasi kurs həyata keçirir. Milli maraqların qorunması,
strateji tərəfdaşlıqların genişləndirilməsi isə ölkəmizin xarici
siyasətinin dəyişməz istiqamətləri olaraq qalır.
Bu kontekstdə Prezident İlham Əliyevin anti-Azərbaycan mövqedə
dayanan, respublikamıza qarşı ədalətsiz və qərəzli münasibət ortaya
qoyan Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti ilə
bağlı fikirləri ölkəmizin milli maraqlara söykənən prinsipial və
qətiyyətli xarici siyasət kursunun növbəti ifadəsi kimi diqqət
çəkdi. Prezident İlham Əliyevin “Biz onlara qarşı heç bir səhv
addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna
görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol
verdiklərini etiraf etməlidirlər” fikri növbəti dəfə göstərdi ki,
Azərbaycan hər hansı xarici təzyiq və ya qərəzli qətnamələr
qarşısında geri çəkilməyən, milli maraqlarını qətiyyətlə müdafiə
edən müstəqil dövlətdir. Beləliklə, Prezident İlham Əliyevin
Forumda bununla bağlı verdiyi mesajlar bu siyasi xəttin ardıcıl,
prinsipial və qətiyyətli olduğunu növbəti dəfə beynəlxalq
auditoriyanın diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin respublikamıza qarşı qərəzli mövqedə
dayanan siyasi mərkəzlərlə bağlı fikirləri həm də bütün
antiazərbaycançı dairələrə, o cümlədən, özünü müxalifət hesab edən
qaragüruh qruplaşmalara verilən cavab idi. Bu gün əsasən Qərb
ölkələrində fəaliyyət göstərən bu antimilli qruplaşmalar
antiazərbaycançı şəbəkənin elementləri qismində Azərbaycanın
uğurlarına kölgə salmağı qarşıya məqsəd qoyan, ölkəmizə böhtan atan
fəaliyyətlə məşğuldurlar. Onların əsas havadarları isə dünya
erməniliyinin əlində alətə çevrilən AŞPA və Avropa Parlamentidir.
Bu təşkilatlar Azərbaycana qarşı qəbul etdikləri qərəzli və
böhtançı qətnamələrdə məhz həmin antimilli qruplaşmaların
ünsürlərinin göndərdiyi saxta hesabatlara əsaslanırlar.
Bu gün dövlətlərin gücü həm də yaratdıqları nəqliyyat, enerji,
rəqəmsal və logistika bağlantılarının miqyası ilə ölçülür.
Azərbaycan həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu
istiqamətdə mühüm nəticələr əldə edib. Prezident İlham Əliyevin
fikirlərində bu məsələlər xüsusi yer tutdu və Prezident İlham
Əliyev vurğuladı ki, Azərbaycanın müasir logistika infrastrukturu
və tranzit imkanları ölkəmizi Avrasiyanın əsas nəqliyyat
qovşaqlarından birinə çevirib. Orta Dəhlizin artan əhəmiyyəti
fonunda Azərbaycanın oynadığı rol daha da yüksəlib. Prezident İlham
Əliyevin fikirlərində diqqət çəkən digər məqam bağlantıların həm də
beynəlxalq əməkdaşlığa xidmət etməsi idi. Reallıq da ondan
ibarətdir ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat və enerji
layihələri müxtəlif regionları bir-birinə yaxınlaşdırır, etimadı
artırır və yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait
yaradır.
Bu kimi amillər həm də Azərbaycanın regional aparıcı dövlət
statusunu geridə qoyaraq orta güc kimi çıxış etməsinə yol açır. Bu
günkü beynəlxalq münasibətlər sistemində orta güc anlayışı regional
və qlobal əməkdaşlığa verilən töhfələrlə ölçülür. Azərbaycanın
enerji və nəqliyyat dəhlizlərinin yaradılmasında, inkişafında
oynadığı rol, mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq
təşkilatların işində fəal iştirakı ölkəmizin orta gücə çevrildiyini
göstərən siyasi-iqtisadi faktorlardır. Prezident İlham Əliyevin
Forumda qeyd etdiyi kimi ötən otuz ildən çox müddətdə Azərbaycan
orta gücə malik dövlətə çevrilib.
Bütövlükdə, cənab Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media
Forumundakı fikirləri Azərbaycan dövlətinin hər bir istiqamət üzrə
yürütdüyü siyasətinin əsas konturlarını bir daha nümayiş etdirdi,
ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və
möhkəmlənən mövqelərini əks etdirən mühüm siyasi mesajlarla yadda
qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi hər bir məsələ
təsdiqlədi ki, Azərbaycan beynəlxalq gündəmin formalaşmasında fəal
iştirak edən dövlətlərdən biridir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

