İsrail ordusu İranın yeraltı ballistik raket zavodunu bombalayıb

Baş səhifə

Bakı. Trend:

İsrail Hava Qüvvələri gecə ərzində Tehranda və İranın digər
mərkəzi şəhərlərində həyata keçirilən aviareydlər zamanı bir sıra
hərbi və strateji əhəmiyyətli obyektləri hədəfə alıb.

Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə
Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Əsas hədəflər arasında yeraltı ballistik raket zavodu və hərbi
akademiya yer alıb.

Ordunun məlumatına əsasən, zərbələr zamanı İsrail Hərbi Hava
Qüvvələrinə məxsus 80-dən çox qırıcı təyyarə öncədən müəyyən
edilmiş hədəflərə 230 bomba atıb.




IDF-in açıqlamasına görə, hədəflər arasında “İranın terror
rejiminin silahlı qüvvələrindən yüzlərlə hərbçinin fəaliyyət
göstərdiyi ballistik raketlərin saxlanılması və istehsalı üçün
nəzərdə tutulmuş yeraltı obyekt” də olub.

Ordu bildirir ki, həmin obyekt “hakimiyyətə aid bunkerləri və
hərbi qərargahları” ehtiva edirdi.

Bundan əlavə, IDF başqa bir raket anbarı obyektinə də zərbə
endirdiyini açıqlayıb. Məlumata görə, bu obyektə bunkerlər və
buraxılış infrastrukturu daxildir. Həmçinin İran İslam İnqilabı
Keşikçiləri Korpusunun hərbi akademiyası olan İmam Hüseyn
Universitetinin də vurulduğu qeyd edilir.

Ordu bildirir ki, müharibə yeni mərhələyə daxil olduqca, İranın
ölkə üzrə silah istehsalı obyektlərinə, o cümlədən raket və
buraxılış qurğularının istehsal edildiyi müəssisələrə zərbələr
gücləndirilir.