Parkinson xəstəliyinin müalicəsi üçün ilk preparat təsdiqlənib

Baş səhifə
Parkinson xəstəliyinin müalicəsi üçün ilk preparat təsdiqlənib

İnduksiya olunmuş kök hüceyrələri (iPS-hüceyrələri) əsasında yaradılmış parkinson xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan preparat Yaponiyada istifadə üçün təsdiq edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı jurnalistlərlə Yaponiyanın səhiyyə, əmək və rifah naziri Kenbiçiro Ueno paylaşıb.

“İki preparatın istehsalı və satışı təsdiqlənib”, – o qeyd edib.

Söhbət iPS-hüceyrələrindən yetişdirilmiş və parkinson xəstəliyi olan pasiyentlərə transplantasiya üçün nəzərdə tutulmuş sinir hüceyrələri əsasında hazırlanan “Amshepuri” preparatından gedir. Onu Kioto Universitetinin iPS-hüceyrələrinin Tədqiqi və Tətbiqi İnstitutu “Sumitomo Pharma” əczaçılıq şirkəti ilə birgə hazırlayıb. Kioto Universiteti 2025-ci ilin aprelində klinik sınaqların nəticələri barədə məlumat vermişdi. Həmin sınaqlar zamanı belə hüceyrələrin köçürülməsindən sonra bəzi xəstələrin vəziyyətində müsbət dəyişikliklər qeydə alınmışdı. 2025-ci ilin avqustunda “Sumitomo Pharma” “Amshepuri” ticarət adı altında məhsulun təsdiqlənməsi üçün müraciət etmişdi.

Həmçinin işemik kardiomiopatiyanın müalicəsi üçün iPS-hüceyrələri əsasında hazırlanan “Reheart” preparatı da təsdiq alıb. Hər iki preparatın dünyada analoqu yoxdur.

Yaponiyalı alim Sinya Yamanaka 2012-ci ildə kök hüceyrələri sahəsindəki tədqiqatlarına görə fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı olduqdan sonra həm Yaponiya cəmiyyəti, həm də Yaponiya hökuməti tərəfindən bu mövzuya maraq dəfələrlə artıb. Regenerativ təbabət elmin inkişafının prioritet istiqamətlərindən biri elan edilib. iPS-hüceyrələri müəyyən kimyəvi təsir altında istənilən tip hüceyrəyə çevrilmək qabiliyyətinə malikdir ki, bu da nəzəri olaraq müxtəlif orqanlar üçün toxumalar yetişdirməyə imkan verir.