
bakı.Trend:
Aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika
əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda
hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi
saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət
hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət
olunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş vermə
riskini əhəmiyyətli dərəcədə artırır.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)
sürücülərə müraciətində deyilir.
Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən, sürücü
sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi
seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat
vasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda,
toqquşmanın qarşısını ala bilsin.
“Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin texniki
göstəriciləri, xüsusilə də tormoz sisteminin effektivliyi və
dayanma məsafəsi fərqlidir. Bu səbəbdən sürücülər idarə etdikləri
nəqliyyat vasitəsinin texniki xüsusiyyətlərini, yolun vəziyyətini
və tətbiq olunan sürət rejimini nəzərə alaraq, təhlükəsiz ara
məsafəsini düzgün müəyyən etməlidirlər. Sürət artdıqca ara
məsafəsinin də mütənasib şəkildə artırılması zəruridir.
Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddinin
aşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyası
və təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağır
yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Unutmayaq ki, əhəmiyyətsiz hesab edilən hər bir qayda pozuntusu
sonda faciəvi nəticələrə gətirib çıxara bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri sükan
arxasında məsuliyyətli, diqqətli və intizamlı olmağa, yol hərəkəti
qaydalarına ciddi riayət etməyə çağırır”, – qurumdan qeyd
olunur.


