
Bakı. Trend:
Ərəb Enerji Fondu və Azərbaycan Dövlət Neft Fondunun CVC DIF
şirkəti ilə birlikdə DIF7 fondu ilə paralel investisiya həyata
keçirəcək birgə investisiya mexanizminin yaradılması üzrə
tərəfdaşlığı fondun uzunmüddətli strategiyasının məntiqi davamı və
onun beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kimi
qiymətləndirilməlidir.
Bunu Trend-ə
azərbaycanlı iqtisadçı-ekspert İnqilab Əhmədov bildirib.
Onun sözlərinə görə, bu saziş son illərin davamlı tendensiyasına
tam uyğun gəlir:
“Fond artıq bir neçə ildir ki, “BlackRock” kimi iri oyunçular da
daxil olmaqla, böyük beynəlxalq maliyyə qrupları ilə əməkdaşlığı
gücləndirir və qlobal portfel investisiyalarında iştirakını
genişləndirir. Bu kontekstdə yeni tərəfdaşlıq SOFAZ-ın son illərdə
izlədiyi strategiyaya tam uyğundur”.
Ekspert vurğulayıb ki, söhbət yalnız ərəb fondu ilə
əməkdaşlıqdan getmir:
“Layihədə logistika, texnologiya, daşınma və saxlama sahələrinə
investisiyalar üzrə ixtisaslaşmış Avropa infrastruktur-logistika
şirkəti CVC DIF də iştirak edir. Bu isə razılaşmaya əlavə dərinlik
qazandırır, çünki bu tip layihələr yalnız investisiya deyil, həm də
geo-iqtisadi əhəmiyyət daşıyır”.
İ.Əhmədov qeyd edib ki, əvvəlki danışıqlar zamanı da
şaxələndirmə və geosiyasi təsir potensialına malik iri investisiya
və logistika layihələrinin prioritetliyi xüsusi vurğulanıb.
Onun sözlərinə görə, bir sıra hallarda bu layihələr enerji
transformasiyası və bərpa olunan enerji mənbələrinin inkişafı
məqsədləri ilə də üst-üstə düşür. Bu baxımdan hazırkı saziş
əlamətdar və strateji baxımdan vaxtında atılmış addım hesab oluna
bilər.
Ekspert həmçinin, SOFAZ-ın investisiya portfelinin coğrafi
strukturuna diqqət çəkib: “Hazırda fondun portfel
investisiyalarının ən böyük payı ənənəvi olaraq Avropanın üzərinə
düşür (təxminən 26 faiz, Şimali Amerikanın payı isə təqribən 24
faiz təşkil edir). Əhəmiyyətli hissəni həmçinin qızıl aktivləri
tutur. Beləliklə, uzun müddət əsas investisiya fəallığı
avroatlantik məkan üzərində cəmlənmişdi.
Lakin Qərb bazarlarında artan qeyri-müəyyənlik və volatillik
fondu obyektiv olaraq daha geniş coğrafi şaxələndirməyə sövq edir.
Son illərdə SOFAZ ərəb suveren fondları və iri investisiya
strukturları ilə fəal əməkdaşlıq edir, MENA regionunda iştirakını
tədricən artırır”, – deyə o bildirib.
Ekspert bu regionu nisbətən sabit, yüksək ödəmə qabiliyyətinə
malik və uzunmüddətli inkişaf yönümlü hesab edir ki, bu da onu
investisiyalar üçün perspektivli istiqamətə çevirir.
Onun sözlərinə görə, fondun aktivlərinin artdığı şəraitdə
tematik, tərəfdaşlıq və coğrafi şaxələndirmə xüsusilə aktuallaşır.
Gəlirliliyin artırılması daha düşünülmüş investisiya siyasəti tələb
edir: qızıl qiymətlərinin artımı amili nəzərə alınmasa, mənfəətin
yüksəlməsi yalnız riskləri düzgün qiymətləndirən və real gəlir
təmin edən keyfiyyətli, yaxşı hesablanmış investisiyalar hesabına
mümkündür. Ekspertin fikrincə, yeni saziş məhz bu məntiqə
uyğundur.
Azərbaycanla Yaxın Şərq ölkələri arasında iqtisadi əməkdaşlığın
dərinləşdirilməsi baxımından tərəfdaşlığın əhəmiyyətinə dair suala
cavab verən İ.Əhmədov bildirib ki, bu istiqamətdə müsbət tendensiya
artıq son 5–10 ildə müşahidə olunur: “İri ərəb şirkətləri
Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak edir,
paralel olaraq digər iri investisiya təşəbbüsləri üzrə danışıqlar
aparılır. Bu, həqiqətən də xarici iqtisadi əlaqələrin
şaxələndirilməsi siyasətinin tərkib hissəsidir”.
Eyni zamanda ekspert balansın qorunmasının vacibliyini
vurğulayıb. Onun sözlərinə görə, mövcud saziş çərçivəsində Avropa
tərəfdaşları ilə əməkdaşlığın saxlanılması texnoloji və investisiya
riskləri ilə bağlıdır. Texnoloji innovasiyalar hələ də əsasən Qərb
ölkələrində və qismən Çində cəmləşdiyindən, kombinə olunmuş
tərəfdaşlıq formatı risklərin minimallaşdırılmasına və
investisiyaların effektivliyinin artırılmasına imkan verir.
“Müxtəlif profilli, coğrafi, texnoloji və investisiya baxımından
fərqli iştirakçıların multiplikativ iştirakı daha dayanıqlı
əməkdaşlıq modeli formalaşdırır”, – deyə ekspert bildirib.
Bunların post-karbohidrogen dövründə gəlirlərin şaxələndirilməsi
strategiyasının bir hissəsi olub-olmaması barədə suala münasibət
bildirən İ.Əhmədov qeyd edib ki, son illərdə fondun aktivlərinin
əhəmiyyətli artımı əsasən qızıl bazarında əlverişli konyunktura ilə
bağlı olub:
“Lakin bu amildən həddindən artıq asılılıq risklər yaradır,
çünki qiymət korreksiyası ehtimalı mövcuddur”.
Bu baxımdan ekspert onların daha riskli kateqoriyaya aid
olmasına rəğmən alternativ istiqamətlərin – o cümlədən səhmlərə,
infrastruktur və logistika layihələrinə investisiyaların
vacibliyini vurğulayır,
Onun sözlərinə görə, fondun aktiv strukturunda səhmlərə və digər
bazar alətlərinə yatırımlar hazırda qızıl və dövlət qiymətli
kağızlarından sonra üçüncü yeri tutur, lakin strateji baxımdan
onların rolu artacaq.
“Beləliklə, Ərəb Enerji Fondu və CVC DIF ilə tərəfdaşlıq
SOFAZ-ın ümumi strategiyasına uyğundur: bu, həm coğrafi, həm də
alət baxımından şaxələndirməni nəzərdə tutur və daha yüksək
gəlirli, hərçənd daha riskli investisiyaların payının mərhələli
şəkildə artırılmasına xidmət edir. Nəticə etibarilə belə siyasət
uzunmüddətli perspektivdə fondun dayanıqlı və daha yüksək
gəlirliliyinin təmin olunmasına yönəlib”, — deyə İ.Əhmədov
yekunlaşdırıb.


