
İsrailin Müdafiə Ordusu ABŞ-ın İrana qarşı 31 yanvar və ya 1 fevral tarixlərində zərbə endirə biləcəyini düşünür.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın “The War Zone” nəşri İsrail Müdafiə Ordusundakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqtonun planları dəyişə bilər və proses “bir nəfərin qərarından” asılıdır. Söhbət ABŞ prezidenti Donald Trampdan gedir.
Nəşr yazır ki, İsrail hakimiyyəti 31 yanvar və 1 fevral tarixlərində regionun hava məkanında risklərin artacağı barədə xarici aviaşirkətləri əvvəlcədən məlumatlandırıb. Bu addım mümkün hərbi əməliyyat ssenarilərinə hazırlıq kimi qiymətləndirilir.
ABŞ-ın bu həftə İrana zərbə endirə biləcəyi barədə daha əvvəl “Middle East Eye” nəşrinin mənbələri də xəbər verib. Həmin mənbələr hücumun tarixinin dəyişə biləcəyini qeyd etsələr də, mümkün zərbələrin hədəfinin İranda etirazçıların ölümü ilə əlaqələndirilən yüksək vəzifəli məmurlar və hərbi komandirlər ola biləcəyini iddia ediblər.
İrandadekabrın sonunda milli valyutanın kəskin dəyər itirməsi və qiymətlərin sürətlə artması fonunda kütləvi etirazlar başlayıb. İran hakimiyyəti etirazlar zamanı 3 min 100 nəfərin həlak olduğunu təsdiqləyib. “Time” jurnalı isə İran Səhiyyə Nazirliyindəki mənbələrə istinadən ölənlərin sayının 30 minə çata biləcəyini yazıb. Rəsmi Tehran iğtişaşların yatırıldığını 21 yanvarda elan edib.


