
Bakı. Trend:
Honkonqda Mei Yu House çoxmənzilli binasında baş vermiş yanğın
nəticəsində ən azı bir nəfər ölüb, səkkiz nəfər isə xəstəxanaya
yerləşdirilib.
Trend xəbər verir
ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Xilasedicilər xəsarət alanları — bir kişi və yeddi qadını — tibb
mərkəzinə çatdırıblar; onlardan ikisinin vəziyyəti ağırdır.
Yanğınsöndürənlər binadan əlavə 22 nəfəri təxliyə edib, 250-dən çox
sakin isə özləri binanı tərk edərək yaxınlıqdakı məktəbə
yerləşdirilib. Hakimiyyət orqanları yanğının söndürüldüyünü və
səbəbinin araşdırıldığını bildirib.
Honkonq hakimiyyəti bu hadisəyə xüsusi diqqət yetirir. 26 noyabr
2025-ci ildə Vanq Fuk Kort kompleksində baş verən böyük yanğında
səkkiz hündürmərtəbəli binadan yeddisi yanmış, ən azı 161 nəfər
ölmüş, təxminən 5000 nəfər isə evsiz qalmışdı.


