
Bakı. Trend:
Beynəlxalq Daşıyıcılar Dərnəyi Azərbaycanda ortaq Ro-Ro şirkəti
qurmağı planlaşdırır.
Bunu Trend-ə
açıqlamasında Beynəlxalq Daşıyıcılar Dərnəyinin icra komitəsinin
sədri Alper Özəl bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə
İnvestisiya Forumu çərçivəsində deyib.
Sədr vurğulayıb ki, Beynəlxalq Daşıyıcılar Dərnəyi olaraq bir
sıra ölkə qurumları ilə, eləcə də Azərbaycan və Qazaxıstanla
əməkdaşlıqlarını genişləndirməyi hədəfləyirlər:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə yeni bir
layihə üzrə təmaslarımız var. ASCO ilə memorandum imzalanarsa, bu,
bizə əlavə güc qatacaq. Çünki məqsədimiz burada Ro-Ro investisiyası
etməkdir. İlk mərhələdə 2027-ci ilə qədər 4 Ro-Ro planlaşdırılır,
daha sonra isə 2048-ci ilə qədər davam edən bir prosesin şahidi
olacağıq. Ümumilikdə bütün layihəyə baxanda 24 Ro-Ro-luq
investisiya nəzərdə tutulub.
Bu, yalnız investisiya deyil, bu, Türkiyə tərəfi üçün də
əhəmiyyətlidir. Memorandumun nəticəsi olaraq ortaq bir şirkət,
məsələn “Caspian Roro Shipping Company” kimi bir şirkət qurmaq
planlaşdırılır. Yeni şirkət Azərbaycanın ərazisində fəaliyyət
göstərəcək, amma əlbəttə ki, Türkiyədə də ofisləri olacaq. Bu
proses 2048-ci ilə qədər davam edəcək”.
“Hazır olmaq üçün öncədən plan qurmalıyıq. Azərbaycan tərəfindən
bu istiqamətdə ASCO ilə danışıqlar aparılır. Yəni məqsədimiz
Azərbaycanda Ro-Ro şirkəti qurmaqdır. Şirkətin adı, ofisləri harada
olacağı müəyyənləşdiriləcək, amma əsas məqsəd ortaq bir şirkət
yaratmaqdır”, – Alper Özəl vurğulayıb.


