İlin mediası – “Tech Xəbər” seçildi

Baş səhifə

NETTY Milli İnternet Mükafatı 2025 çərçivəsində Media, Mədəniyyət və Kreativ kontent nominasiyası üzrə “İlin mediası” adına “Tech Xəbər” (techxeber.az) layiq görülüb.

Mükafatın təqdimat mərasimi 18 dekabr 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində keçirilən rəsmi NETTY mükafatlandırma tədbiri zamanı baş tutub. Tədbirdə ölkənin aparıcı media qurumlarının nümayəndələri, texnologiya şirkətləri, kreativ sənaye təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

NETTY – Milli İnternet Mükafatı Azərbaycanda rəqəmsal ekosistemin inkişafına töhfə verən, internet, media, texnologiya və kreativ sahələrdə fərqlənən layihələri qiymətləndirən ölkənin ən nüfuzlu milli mükafat platformalarından biridir. Mükafat hər il innovativ yanaşma, keyfiyyətli kontent və ictimai təsir meyarları əsasında ən güclü internet layihələrini müəyyən edir.

“TechXəbər” (techxeber.az) texnologiya, süni intellekt, startaplar, innovasiyalar, elm və kosmos mövzularında operativ, analitik və çoxformatlı – mətn, audio və video – kontent təqdim edən ixtisaslaşmış media platformasıdır. Portal həm yerli, həm də beynəlxalq texnoloji gündəmi Azərbaycan oxucusuna yüksək keyfiyyətlə çatdırmaqla yanaşı, media sahəsində avtomatlaşdırma və süni intellekt texnologiyalarının tətbiqi vasitəsilə ölkədə yeni media modelinin formalaşmasına töhfə verir. “Tech Xəbər Innovation Media Services” mətbuat agentliyinin tərkib hissəsidir.

“Innovation Media Services” MMC (“InnMedia”) süni intellekt əsaslı media avtomatlaşdırma həllərinin hazırlanması və tətbiqi ilə məşğul olan texnologiya şirkətidir.

“InnMedia”nın həmtəsisçisi və rəhbəri Kuseba Teymur mükafatlandırma mərasimində çıxışı zamanı bildirib:

“Tech Xəbər” Azərbaycanda süni intellekt əsasında yaradılmış və rəsmi akkreditasiyasından keçmiş ilk və yeganə media subyekti kimi fəaliyyət göstərir. Bu mükafat təkcə “Tech Xəbər”in uğuru deyil, eyni zamanda, Azərbaycanda süni intellektin media sahəsində əldə etdiyi ilk rəsmi milli tanınma kimi qiymətləndirilməlidir. Qeyd etmək istərdim ki, “Tech Xəbər” Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na uyğun olaraq hazırlanmış, media sahəsinin avtomatlaşdırılması üçün ilk yerli süni intellekt əsaslı proqram kompleksidir.”

Sonda “InnMedia” nümayəndələri bildiriblər ki, 2026-cı il üçün süni intellekt və robototexnika sahəsində ölkədə ilk milli mükafatın (AI award) təsis edilməsi artıq planlaşdırılır.