
Bakı. Trend:
Mövcud qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara
14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi.
Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə
etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq
yaradır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin
müzakirəsi zamanı deyib.
Komitə sədri xatırladıb ki, təqdim olunan layihədə bu məzuniyyət
ödənişli olacaq:
“Qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra
sosial-psixoloji çətinliklər yaşayır. Bir çox ailələrə digər ailə
üzvləri, məsələn ana, qayınana və ya digər qohum kömək edə bilmir.
O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onların
qayğısına kişi olur.
Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması,
onların qayğısına qalması çox vacibdir. Və bu kişini hörmətdən
salmır, əksinə ona olan etibarı, hörməti daha da artırır. Bizə ailə
münaqişələri ilə bağlı, boşanmalarla bağlı müraciətlər olur. Bir
çox problemlər həmin dövrə təsadüf edir. Belə bir məzuniyyətin
tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı
həm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi
formalaşmasına müsbət təsir göstərir”.


