Xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirləndirilən Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb

Baş səhifə

Bakı. Trend:

Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi
xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə
dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan
Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin
salınmasına yönələn hərəkətlər etməkdə təqsirli bilinərək Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi tədbirlərlə
Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi
təmin olunmuş 1954-cü il təvəllüdlü Zahirəddin İbrahimovun
barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend xəbər
verir ki, bu barədə Səbail rayon Məhkəməsində istintaq orqanı
tərəfindən verilmiş təqdimata baxılıb və məhkəmənin qərarı ilə
Zahirəddin İbrahimovun həbs müddəti 5 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət
işi üzrə bu ilin mart ayında həbs edilib.




Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilində
məxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarının
Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı,
dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi
tapşırıqları yerinə yetirmiş, genişmiqyaslı destruktiv separatçı
təşkilatlanma işi aparıb.

Ona AR Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici
təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət
əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və
düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham
elan olunub.