Ezzat İbrahim: D-8 Media Mükəmməlliyi Mərkəzi strateji əhəmiyyətli layihədir

Baş səhifə
Media

  • 21 noyabr, 2025
  • 13:40
Ezzat İbrahim: D-8 Media Mükəmməlliyi Mərkəzi strateji əhəmiyyətli layihədir

D-8 Media Mükəmməlliyi Mərkəzi vaxtında həyata keçirilən strateji əhəmiyyətli layihədir.

“Report” xəbər verir ki, bunu “Al-Ahram Weekly” və “Al-Ahram Online”nın baş redaktoru Ezzat İbrahim Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 media forumunda bildirib.

“Azərbaycanı və D-8 təşkilatını D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılması qərarı ilə əlaqədar təbrik etmək istəyirəm. Bu, çox vaxtında həyata keçirilən strateji əhəmiyyətli layihədir. Biz doqquz ölkədən təxminən bir milyard vətəndaşı təmsil edirik. Bu mərkəz süni intellektin inkişafı və müasir media ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün ortaq fəaliyyət, təcrübə mübadiləsi və birgə strategiyaların hazırlanması istiqamətində unikal fürsət yaradır”, – o deyib.

E.İbrahim vurğulayıb ki, Qərb ölkələrinin nəzarət etdiyi ənənəvi media mühiti hələ də əsas məlumat axınlarını müəyyən edir və yeni texnologiyalar bu hegemonluğu gücləndirə bilər.

Onun fikrincə, D-8 Media Mükəmməlliyi Mərkəzi iştirakçı ölkələrin səylərinin birləşdirilməsi və regionda məsuliyyətli, innovativ media təcrübələrinin təşviqi üçün platforma rolunu oynayacaq.