Almaniya ilk Milli Kosmik Təhlükəsizlik Strategiyasını qəbul edib

Baş səhifə

Bakı. Trend:

Almaniya hökuməti ölkənin ilk Milli Kosmik Təhlükəsizlik
Strategiyasını təsdiqləyib.

Trend xəbər verir
ki, strategiya beynəlxalq tərəfdaşlarla kosmik layihələrdən tutmuş
peyk şəbəkələrinin genişləndirilməsinə və kosmosda dövlətlərin
məsuliyyətli davranışının təşviqinə qədər təhlükəsizlik üçün vacib
bütün istiqamətləri əhatə edir.

Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təqdim
olunan strategiyanın məqsədi Avropa İttifaqı, NATO və digər qlobal
tərəfdaşlarla birlikdə kosmosda çevik və müdafiə qabiliyyətli
fəaliyyətin təmin edilməsidir.




Strategiyanın əsas hissəsi Almaniyanın kosmik sistemlərinin, o
cümlədən peyklərin və müvafiq infrastrukturun qorunmasını, eləcə də
müdafiə öhdəlikləri çərçivəsində hərbi kosmik əməliyyatlar aparmaq
imkanlarının gücləndirilməsini nəzərdə tutur.

Müdafiə naziri Boris Pistorius bildirib ki, qurum yaxın illərdə
kosmos sahəsinə təxminən 35 milyard avro həcmində investisiya
qoyacaq. Xarici işlər naziri Yohann Vadeful isə kosmosun artıq həm
hərbi qarşıdurmalar, həm də iqtisadi rəqabət məkanı olduğunu qeyd
edərək, Almaniyanın bu sahədə maraqlarını qorumasının həyati
əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Strategiyanın əsas istiqamətləri arasında təhlükə və risklərin
müəyyən edilməsi, fəaliyyət variantlarının hazırlanması, beynəlxalq
əməkdaşlıq və kosmosda davamlı qayda-qanunun təşviqi, eləcə də
çəkindirmə imkanlarının gücləndirilməsi və müdafiə qabiliyyətinin
artırılması yer alır.