
Bakı. Trend:
Yaxın vaxtlarda Azərbaycanın “yaşıl” enerjisinin Gürcüstan və
Rumıniya üzərindən Avropaya nəqlini nəzərdə tutan Qara dəniz enerji
kabeli (Black Sea Energy) layihəsinə yeni iştirakçıların qoşulması
ilə bağlı rəsmi elanı gözləmək olar.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu bu gün Daşkənddə Özbəkistan Dünya
İqtisadiyyatı və Diplomatiya Universiteti nəzdindəki Enerji
Geosiyasəti Mərkəzinin rəhbəri Xayotjon İbrahimov jurnalistlərə
açıqlamada deyib.
“Müxtəlif ölkələr bu layihədə iştiraka maraq göstərir, belə ki,
onların elektrik enerjisinə tələbatı artır. Düşünürəm ki, yaxın
vaxtlarda biz məhz digər iştirakçıların da bu layihəyə qoşulmasının
rəsmi elanının şahidi olacağıq”, – deyə İbrahimov bildirib.
Ekspert həmçinin, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında
“yaşıl enerji dəhlizi”nin yaradılması layihəsinin böyük potensiala
malik olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, ilkin
hesablamalar Avropada elektrik enerjisinə yüksək tələbat fonunda,
eləcə də Özbəkistan və Qazaxıstanda bərpaolunan mənbələrdən enerji
istehsalının artacağı proqnozu nəzərə alınmaqla bu təşəbbüsün
perspektivli olduğunu təsdiqləyir.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında Saziş 17 dekabr 2022-ci
ildə Buxarestdə imzalanıb. Layihənin icrası üçün “Green Energy
Corridor Energy Company” (GECO) adlı şirkət yaradılıb. Bu günədək
nazirlər və İdarəetmə Komitəsinin 10 iclası keçirilib və layihənin
texniki-iqtisadi əsaslandırmasını CESI şirkəti həyata keçirir.


