
Bakı. Trend:
Ətin bişirilmə temperaturu virus və bakteriyaların məhv olmasını
təmin edir.
Trend
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
məlumat yayıb.
Bildirilib ki, ölkəmizdə heyvan kəsimi məntəqələri baytar
nəzarəti altında fəaliyyətlərini davam etdirir:
“Heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan
istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti
ilə həyata keçirilir.
Belə ki, kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar
baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək,
termometriya olunur və onların kəsimi barədə qərara gəlinir.
Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların
baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza
aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət
məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq
sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim
edilir.
Məlumat üçün bildiririk ki, baytarlıq mütəxəssisi tərəfindən
heyvanların ümumi kliniki vəziyyəti, kəsimdən sonra ət və ət
məhsullarının baytarlıq-sanitariya ekspertizası, o cümlədən
laboratoriya müayinə nəticələri nəzərə alınmaqla, ət məhsulunun
istehlakı barədə qərara gəlinir. Bir qayda olaraq insan sağlamlığı
ilə bağlı risklər mövcud olan bütün hallarda ət məhsullarının
dövriyyəsinə yol verilmir.
Nəzərə almaq lazımdır ki, insanlar tərəfindən ətin çiy və ya
yarımbişmiş halda istehlak olunması yolverilməzdir. Belə ki, ətin
bişirilmə temperaturu virus və bakteriya mənşəli infeksiyaların
məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət
məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz
hesab olunur”.


