Bakı. Trend:
Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz
təcrübəsində yaşayıb.
Trend xəbər
verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin
Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci
Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların
qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda
müzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hələ 1990-cı illərin əvvəllərində
Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyona yaxın
azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O dövrdə 8
milyonluq xalq üçün bu, böyük faciə idi. Davamlı milli səylər və
beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycan köçkün əhalisinin
təcili ehtiyaclarını ödəyə bildi. 2020-ci ildə ölkəmiz öz ərazi
bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı yenidənqurma və reabilitasiya layihələrinə
başlayıb.
Milli Məclisin sədri deyib ki, artıq qayıdış prosesi başlayıb və
bu gün əlli mindən çox insan yenidən orada yaşayır, işləyir və
oxuyur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə
sadiqliyinin sübutudur.

