
Bakı. Trend:
Qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik
avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin
sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat
verilməlidir.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat
yayıb.
Bildirilib ki, qeyd ediləni, eləcə də icazələrin verilməsinə
kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən
qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış
vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31
dekabr tarixinə kimi davam edəcək.
Həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış etmək
istərdik. Belə ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmuş
avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq.
Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də
istehsal tarixi 2011-ci olan avtomobillərin verilmiş müddət ərzində
yenilənməsi tövsiyə olunur.
Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin
artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan
məlumatlar yalnışdır. Hazırda taksi fəaliyyəti üçün 35 000 aktiv
icazə mövcuddur. Gün ərzində isə bunlardan yalnız 22 000 – 23 000
taksi minik avtomobili xidmətə çıxır. Yəni, kvotanın 25 000 təyin
edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş
verməyəcək. Əksinə, peşakar əmək və xidmət bazarı formalaşacaq və
əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti daha da
yüksələcək.
Kvotanın tətbiqindən sonra sürücülərin iş yerlərini itirəcəyi
ilə bağlı məsələyə aydınlıq gətirərək bildiririk ki, limit
sürücülərin deyil, nəqliyyat vasitələrinin sayına tətbiq edilir,
yəni bu addım iş yerlərinin sayına təsir göstərməyəcək. Hazırda
taksi daşımalarında sürücülərə kifayət qədər tələbat mövcuddur.
Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri
davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən
idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət
rejiminə riayət olunmasına töhfə verəcək.
Qeyd edək ki, taksi sahəsində təxminən 1 il əvvəl islahatlar
başlayanda da, cəmiyyətdə müəyyən narahatlıqlar var idi. Lakin
nəticə göz qabağındadır. İslahatların birinci mərhələsində taksi
parkının yenilənməsi, uçotun, nizamlı fəaliyyətin və nəzarət
mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi
istiqamətində atıllan addımlar ciddi keyfiyyət artımını təmin etdi.
Hazırda həyata keçirilən islahatların bu mərhələsinin məqsədi bu
sahədə daha da keyfiyyətli və nizamlı xidmətə nail olmaqdır.


