Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər

Baş səhifə

Bakı. Trend:

“mygov” platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni
xidmət istifadəyə verilib. Artıq “Əmək müqaviləsinin imzalanması”
xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Xidmət çərçivəsində işəgötürən tərəfindən göndərilmiş əmək
müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud
müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa
“mygov” platformasında imzalana biləcək.

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

Portalda “Məşğulluq” kateqoriyasından “Əmək müqaviləsinin
imzalanması” xidmətinə daxil olunur. İmzalanmalı müqavilə
mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks
olunur. Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış
olunur. “İmzala” düyməsinə klik edilərək müqavilə SİMA İmza
vasitəsilə təsdiqlənir.




Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu
barədə ona “mygov” üzərindən bildiriş göndərilir və vətəndaş həmin
bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.

Yeni xidmət əməkdaşların müqavilə imzalama prosesini daha
sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq.

Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi dövlət
qurumları ilə qarşılıqlı əməkdaşlıq vasitəsilə vətəndaşlara zəruri
dövlət xidmətlərini vahid platformadan təqdim etməkdir.