Türk Dövlətləri Təşkilatı ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramına start verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor
qurumlarının rəsmiləri II “INTERNSHIP” (təcrübə) proqramında
iştirak üçün ölkəmizdə səfərdədir.

Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilib ki, qonaqlar səfər çərçivəsində Fəxri xiyabanı,
Şəhidlər xiyabanını, eləcə də Zəfər parkını ziyarət ediblər.

Fəxri xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər
Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül
dəstələri qoyub, əziz xatirələrini ehtiramla anıblar.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü naminə canından keçən qəhrəman Vətən övladlarının əziz
xatirəsini ehtiramla yad ediblər.




Zəfər parkını ziyarət edən qonaqlar xatirə daşının önünə gül
dəstələri düzüblər.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində təcrübə
proqramının açılış tədbiri keçirilib. Komitə sədrinin birinci
müavini Valeh Hacıyev tədbiri giriş nitqi ilə qonaqları salamlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən çoxşaxəli diaspor siyasəti, TDT-nin yaranması və
Komitə haqqında məlumat verib, tədbirin keçirilməsinin qurumlar
arasında əməkdaşlığın genişləndirilməsindəki əhəmiyyətindən
danışıb. Valeh Hacıyev Ulu Öndər Heydər Əliyevin fikirlərindən
sitat gətirərək çıxışını yekunlaşdırıb: “Hər bir insan üçün milli
mənsubiyyəti onun qürur mənbəyidir”.

Ardınca Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan
Diasporun Dəstək Fondu fəaliyyətlərindən bəhs edən təqdimatlar
nümayiş olunub.

Qazaxıstan Respublikasının “Otandastar” Fondunun
vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının
Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri
Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk
Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad
Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba
İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın
Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı
Daniel Gazso çıxış edərək ölkələrinin diaspor siyasətindən və
görülən işlərdən danışıb, türk dünyasının həmrəyliyi, diaspor
əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Təcrübə proqramının iştirakçıları daha sonra Şuşa və Xankəndiyə
yola düşüb.