Son 22 ildə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb – Vüqar Bayramov

Baş səhifə

Bakı. Trend:

1995-ci ildən başlayaraq Azərbaycanda əvvəlki hakimiyyətlərin
dövründə dərinləşən tənəzzül inkişafla əvəz olundu.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü
plenar iclasında çıxışı zamanı deyib.

“1996-2002-ci illərdə ÜDM 71 % artdı. Bu müddətdə kənd
təsərrüfatında 40.3 %, nəqliyyat və rabitədə 4,2 dəfə, tikintidə 5
dəfə və ticarətdə isə 1,9 dəfə artım qeydə alındı”, – deyə o
bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin 22
illik prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox
böyüyüb.




“Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə,
xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri
30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji
valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard
dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi
islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir”.

Deputat bildirib ki, yeni dövrün yeni hədəfləri Azərbaycan
iqtisadiyyatı üçün vacib imkanlar deməkdir.

“Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında
islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi,
investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli
iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri
müşahidə edəcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan yeni uğurlara imza ataraq inkişaf dinamikasını daha da
gücləndirəcək”, – deyə V.Bayramov fikrini yekunlaşdırıb.