
Rusiya ilə İran arasında Azərbaycan ərazisindən qaz nəqlinə dair sazişin hazırlanması son mərhələyə çatıb.
Modern.az xəbər verir ki, bunu İranın neft naziri vəzifəsini icra edən Həmid Bovard açıqlayıb.
Onun sözlərinə görə, Moskva və Tehran arasında layihə üzrə əsas razılaşmalar artıq əldə olunub. Hazırda yalnız texniki məsələlərin həlli qalır.
“İndi texniki məsələlər həll edilməlidir və bundan sonra saziş hazır olacaq”, – deyə iranlı rəsmi bildirib.
Bovard Azərbaycan ərazisindən keçəcək qaz kəməri vasitəsilə tədarükün yaxın vaxtlarda başlanacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında Rusiya Prezidenti Vladimir Putin İrana qaz nəqlinin ilkin mərhələdə ildə 2 milyard kubmetr həcmində nəzərdə tutulduğunu açıqlamışdı. Gələcəkdə bu göstəricinin 55 milyard kubmetrə çatdırılması imkanları müzakirə olunur.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov da oktyabrın 16-da layihə çərçivəsində mövcud qaz infrastrukturu və kompressor stansiyalarının texniki imkanlarının qiymətləndirildiyini bildirmişdi.
Xatırladaq ki, oktyabrın 9-da Türkmənistanda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən görüşdə üçtərəfli enerji əməkdaşlığı məsələləri də müzakirə edilib.

