
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də Cənubi
Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20)
ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılış
mərasimində çıxış edib.
Trend xəbər verir ki, bu
sammitin parlamentarilərin birgə işləməyə sadiqliyini göstərən
dəyərli platforma olduğunu söyləyən spiker Sahibə Qafarova Cənubi
Afrika Respublikasının G20-yə sədrliyi üçün qəbul etdiyi
“Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzusunun dünyamızın ehtiyac
duyduğu mövzular olduğunu söyləyib.
Bu mövzuların Azərbaycanın da bölüşdüyü prinsiplər olduğunu
diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, bir neçə gün
əvvəl Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci
sessiyasındakı nitqində ölkəmizin baxışını: beynəlxalq hüquqa
əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq,
qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib. Sahibə
Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və
prinsiplərini təkbaşına həyata keçirməklə, öz ərazilərini
Ermənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiq
qalıb. Ermənistanla sülh prosesinə başlayarkən və bu ilin
avqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onu
davam etdirib.
Çıxışında Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat
layihələri haqqında da sammit iştirakçılarına məlumat verən spiker
Sahibə Qafarova bildirib ki, bu layihələr bir çox ölkələrin enerji
təhlükəsizliyinə töhfə verib və regional bağlantıları gücləndirib.
Onun sözlərinə görə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp
marşrutu” başa çatdıqdan sonra Zəngəzur dəhlizi qitələri
birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.
Milli Məclisin sədri həmçinin ölkəmizin qlobal çoxtərəfli
əməkdaşlığa töhfələrini də diqqətə çatdırıb. Spiker qeyd edib ki,
Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi,
humanitar yardım fəaliyyətləri və COP29-a sədrliyi onun daha böyük
həmrəylik və davamlı inkişafa nail olmaq üçün çoxtərəfli
əməkdaşlığa və kollektiv səylərə güclü sadiqliyini əks etdirir.
Qeyd olunub ki, COP29-un mühüm nailiyyətləri təkcə Azərbaycanın
müxtəlif ölkələr və icmalar arasında körpülər qurmaq bacarığını
nümayiş etdirmir, bu, eyni zamanda, Azərbaycanın ən həssas və zəif
inkişaf etmiş ölkələrin problemlərini həll etmək əzmini də
göstərir. O, gələn ilin may ayında ölkəmizdə Ümumdünya Şəhərsalma
Forumunun və Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyini qeyd
edərək, bu tədbirin həmrəylik, bərabərlik və davamlılığa nail olmaq
istiqamətində daha bir qlobal platforma olacağını bildirib.
Spiker Sahibə Qafarova bu mühüm beynəlxalq tədbirdə Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış və
hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verib. O,
deyib ki, Parlament Şəbəkəsinin yaradılması ölkəmizin
parlamentlərarası əməkdaşlığa güclü dəstəyinin və sadiqliyinin
sübutudur. Bu qurum Qlobal Cənubu təmsil edən Qoşulmama Hərəkatına
üzv dövlətlərin parlamentariləri arasında qarşılıqlı əlaqəni
genişləndirmək və dərinləşdirməklə yanaşı, parlament
diplomatiyasının inkişafında digər parlamentlərarası təşkilatlarla
da fəal əməkdaşlıq edir.
Sammitin açılış mərasimində evsahibi Cənubi Afrika
Respublikasının hökumət və parlament rəhbərliyi ilə yanaşı, G20-yə
üzv ölkələrin parlament sədrləri də iştirak və çıxış ediblər.

