Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Baş səhifə

Bakı. Trend:

Şahdəniz konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsi
çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan
sistemlərin təminatı üzrə iri müqavilə imzalanıb.

Bu barədə bp şirkətindən məlumat verilib.

Bildirilib ki, müqavilə Emerson şirkətinə verilib.

“Yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün
inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin, o
cümlədən texnoloji proseslərə nəzarət, təhlükəsizlik məqsədilə
dayandırma, yanğın və qazın aşkarlanması və enerji idarəetmə
sistemlərinin təminatını əhatə edir.

Birlikdə bu sistemlər platformadakı vacib əməliyyatların real vaxt
rejimində izlənməsinə və məsafədən idarə olunmasına imkan verəcək
ki, bu da əməliyyat xərclərinin azaldılması və uzun müddətli iş
icrasının təmin olunması ilə bərabər təhlükəsizliyin, etibarlılığın
və əməliyyat səmərəliliyinin artırılmasına kömək edəcək”, – deyə
məlumatda qeyd olunub.




bp-nin layihələr üzrə baş meneceri İlqar Məmmədov bildirib ki,
bu müqavilənin imzalanması ŞDK layihəsinin həyata keçirilməsini
dəstəkləyən mühüm bir addımdır:

“Avtomatlaşdırma və idarəetmə sistemləri heyətsiz qurğu kimi
nəzərdə tutulan ŞDK platformasının vacib komponentlərindən biri
olacaq və platformanın bütün istismar müddəti ərzində onun
təhlükəsiz və səmərəli fəaliyyətini dəstəkləyəcək. Bu mühüm
müqavilənin verilməsi layihə üzrə işlərin sürətlə irəlilədiyi bir
vaxta düşür. Belə ki, bu işlərin ümumilikdə təxminən 30%-i artıq
tamamlanıb və hazırda təqribən 2700 nəfər layihəyə cəlb olunub.
Layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə mühəndislik və
istehsal işləri plana uyğun irəliləyir və bu işlərdə Azərbaycanın
yerli resurslarından, təcrübə və sənaye imkanlarından geniş şəkildə
istifadə edilir”.

Qeyd olunub ki, ŞDK layihəsi Şahdəniz yatağından qazvermənin
maksimuma çatdırılmasında mühüm rol oynacaq və əlavə qaz
ehtiyatlarını əlçatan etməklə hasilatın uzunmüddətli davamlılığını
təmin edilməsinə töhfə verəcək.