Bakı. Trend:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın
18-də davam etdirilib.
Trend xəbər verir
ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi
üçün dövlət hesabına vəkillə təmin olunub.
Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Ruben
Vardanyan müdafiəçisi ilə məhkəmə zalında danışmaq istədiyini
deyib.
Sədrlik edən onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxs
müdafiəçisi Emil Babışov ilə danışdıqdan sonra ittiham tərəfi çıxış
edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında xatırladıb
ki, Vardanyan Ruben Karlenoviçin təqsirləndirilməsinə dair cinayət
işi üzrə məhkəmə istintaqı başa çatıb. Bir ilə yaxın müddət ərzində
çoxsaylı məhkəmə iclasları keçirilib, sənədlər və sübutlar tədqiq
edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib. İttiham tərəfi
hesab edir ki, hazırkı proses üzrə təqsirləndirilən şəxsin
törədilmiş çoxsaylı cinayət əməlləri üzrə təqsiri təqdim edilmiş
sübutlar əsasında öz təsdiqini tapıb.
İttiham tərəfi bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan
Respublikasının suveren ərazilərində formalaşdırdığı cinayətkar
birliyə R.Vardanyanın qoşulana qədər və həmin mərhələdən sonrakı
müddətlərdə törədilmiş cinayətlərdən bəhs ediləcək. V.Əliyev deyib:
“Bütün bunlar ona görə vacibdir ki, Ruben Vardanyan qeyd edilən
cinayətkar birliyə qoşularkən əməlinin ictimai təhlükəliliyini başa
düşür, bu cinayətkar təşkilat tərəfindən Azərbaycan dövlətinə və
xalqına qarşı hansı cinayətlərin törədildiyini bilir, həmin
cinayətlərin törədilməsinə növbəti mərhələlərdə davam edirdi”.
Vurğulanıb ki, Ermənistan dövləti və onun formalaşdırdığı
cinayətkar birlik tərəfindən 1988-1994-cü illər ərzində Azərbaycan
Respublikasının Xankəndi şəhəri, Kəlbəcər, Şuşa, Laçın, Xocalı,
Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı rayonları, Naxçıvan Muxtar
Respublikasının Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun
Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara kəndləri, Ağdam, Füzuli rayonlarının
rayon mərkəzləri və bir sıra kəndləri, Tərtər rayonunun bir sıra
kəndləri işğal edilib. Həmin ərazilər dağıdılmaqla, yandırılmaqla,
talan edilməklə və digər üsullarla xüsusi mülkiyyətə ziyan vurulub,
insanlar evlərindən didərgin salınıb.
Prokuror çıxışının davamında R.Vardanyanın Xankəndi şəhərində
yerləşmiş ofisinə baxış keçirilməsi barədə 26.10.2023-cü il tarixli
baxış protokolu, əməliyyat məlumatları və digər sənədlərə istinad
edərək bildirib: “Həmin sənədlərlə təsdiq edilib ki,
təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində
cinayətkar birliyə qoşulub”.
Dövlət ittihamını müdafiə edən prokuror çıxışında R.Vardanyanın
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı hərbi
əməliyyatlarda iştirak etmiş “VoMa” adlı terror təşkilatının
yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə (Levani)
əlaqələrindən, “WhatsApp” mobil tətbiqi vasitəsilə danışıqlarından
də bəhs edib. Qeyd edilib ki, “VoMa” 2013-cü il yanvarın 11-də
təsis edilib, Ermənistan Respublikasında, eləcə də Azərbaycan
Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində cinayətkar
birliyin (təşkilatın) struktur bölməsi kimi mütəşəkkil dəstə
şəklində fəaliyyət göstərib.
Keçirilmiş əməliyyat tədbirləri zamanı V.Vartanovun mütəmadi
əlaqə saxladığı R.Vardanyanla “VoMa” terror təşkilatında
döyüşçülərin və təlimatçıların hazırlanması, təlimlərin təşkili və
bununla da Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələrinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı terror
aktlarını törətmələri və döyüşlərdə iştirak etmələrinə dair
müzakirələr apardıqları, eləcə də bu terrorçu təşkilatın və onların
üzvlərinin maliyyələşdirilməsini R.Vardanyanın öz üzərinə götürdüyü
müəyyən edilib.
Prokuror bildirib ki, R.Vardanyana elan edilmiş növbəti ittiham
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsi
ilə bağlıdır. İttihama əsasən o, cinayətkar birliyin ümumi
cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq 2022-ci ilin
sentyabr ayında cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil
olan mütəşəkkil dəstə halında, xarici ölkə vətəndaşı olaraq
Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini
dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar, Ermənistan
Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz
keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanda məskunlaşıb.
İttiham tərəfi hesab edir ki, həmin əməlin törədilməsi də məhkəmə
istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapıb. Belə
ki, Ruben Vardanyan saxlanılarkən üzərində olmuş əşyalara 27
sentyabr 2023-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan
görünür ki, onun 1 ədəd qara rəngli çantasında digər əşya və
sənədlərlə yanaşı, təqsirləndirilən şəxsə məxsus Ermənistan
Respublikasının “AU319012” nömrəli xarici pasportu və ona məxsus
sürücülük vəsiqəsi aşkar edilib və baxış keçirilib.
Bundan əlavə, davam edən baxış zamanı R.Vardanyanın 2022-ci ilin
sentyabr ayının əvvəllərində qanunsuz olaraq Azərbaycan
Respublikasının Qarabağ bölgəsinə gəldikdən sonra bir neçə dəfə
ölkə ərazisini tərk edərək müxtəlif ölkələrə getdiyi və sonradan
yenidən qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə qayıtdığı
müəyyən edilib. Həmin sənəddə onun Azərbaycan Respublikasına qanuni
daxil olmasını təsdiq edən hər hansı qeyd, möhür və sair müəyyən
edilməyib.
Həmçinin R.Vardanyan Xankəndiyə gəldikdən sonra onun
maliyyələşdirməsi nəticəsində Vətən müharibəsində Azərbaycan
Respublikasının Ermənistanın işğalından azad etdiyi suveren
ərazilərinin hüdudlarında minalanma işləri aparılmağa başlanıb.
Həmin minalar Laçın yolu vasitəsilə Ermənistandan Azərbaycanın
vaxtilə işğal altında olan ərazilərinə gətirilib. Xankəndidə
yaşayan ermənilər minalanma işlərinin R.Vardanyan gələndən sonra
geniş vüsət aldığını bildiriblər.
Bundan başqa, R.Vardanyanın maliyyələşdirməsi nəticəsində
Xankəndi ətrafında hərbi anbarlar təşkil edilib. Həmin anbarlarda
onun muzdla saxladığı Ermənistandan gələn hərbçilər, Qarabağdan
seçdiyi hərbçilər fəaliyyət göstərib. Anbarlara R.Vardanyan
tərəfindən gətirilmiş xeyli sayda silah və döyüş sursatları, habelə
pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları
yerləşdirilib.
Qeyd edilib ki, R.Vardanyana elan edilmiş və məhkəmə iclasında
tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış növbəti ittiham
“Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli
sürməsi ilə bağlı olub.
Bundan başqa, R.Vardanyanın cinayətkar birliyin (təşkilatın)
ümumi cinayətkar niyyəti və məqsədlərinə uyğun olaraq Ermənistanın
siyasi-hərbi rəhbərliyinin dəstəyi və nəzarəti altında Azərbaycan
Respublikasının işğal altında olmuş ərazilərində qanunsuz və
beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərən qeyd edilən
cinayətkar birliyə (təşkilata) daxil olan silahlı birləşmələri
hərbi texnika ilə təchiz etmək məqsədilə 2023-cü ilin sentyabr ayı
ərzində yükqaldırma qabiliyyəti 180 kq, istifadə məsafəsi 70 km
təşkil edən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının istehsalı olan “Malloy” tipli pilotsuz uçuş
aparatlarının (PUA) alınması istiqamətində fəaliyyət göstərdiyi də
məlum olub.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışının davamında
təqsirləndirilən şəxsə ittiham olunduğu hər bir cinayət əməlinə
görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən
prokurorların təkliflərini səsləndirib.
V.Əliyev çıxış zamanı, həmçinin, təqsirləndirilən şəxsə qarşı
irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını, irəli
sürülmüş bəzi ittihamlarla müqayisədə təqsirləndirilən şəxsin
əməllərinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun
norması ilə tövsif edilməsini məhkəməyə təklif edib.
Təklif olunub ki, Vardanyan Ruben Karlenoviç Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq
müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini məcburi
köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq
hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq,
müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə,
qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,
cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər,
hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə
cinayətlərinə görə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək
yolu ilə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum
edilsin. Cəzasını həbsxanada çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 27-dən hesablansın. Onun barəsində seçilmiş həbs
qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin olunub.

