
Bakı.Trend:
“Qurtuluş” Reabilitasiya Mərkəzində baş vermiş qanunsuzluqlarla
bağlı 3 nəfər həbs olunub.
Trend xəbər
verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında qeyd
olunub.
Bildirilib ki, ilkin istintaq tədbirləri əsasında sözügedən
MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev
və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq
ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və
aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən
müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə
və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları,
saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə
saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə
imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi
iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir
neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr
müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və
Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1
(qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox
şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb
olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan
bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan
məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
olunub. Onların barələrində istintaq orqanının vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, qanunsuz əməllərin törədilməsində iştirak etmiş
digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və
əməliyyat-axtarış tədbirləri davam etdirilir.
xxx
19:52
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və
daha iki əməkdaş saxlanılıb.
Trend-in
məlumatına görə, Salmanov Ceyhun Məzahir oğlu, Məhərrəmov Elşad
Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu onlar Cinayət
Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan
qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri
ilə ittiham edilir.
Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq olunub,
əlavə məlumatın verilməsi təmin olunacaq.
Qeyd edək ki, bir müddət öncə “Qurtuluş” Reabilitasiya
mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi
başlanılması barədə Baş Prokurorluq məlumat yayıb.

