Qazaxıstanın Baş naziri Aktau-Bakı marşrutunun inkişafını sürətləndirməyi tapşırıb

Baş səhifə

Astana.Trend:

Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau–Bakı marşrutu üzrə
yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə bağlı işlərin
sürətləndirilməsini tapşırıb.

Trend Qazaxıstan
hökumətinə istinadən xəbər verir ki, bunu o, ölkənin
tranzit-nəqliyyat inkişafı sahəsində prezident tapşırıqlarının
icrasına dair keçirilən müşavirədə bildirib.

Baş nazir qeyd olunan marşrut üzrə fəaliyyət göstərəcək altı
konteynerdaşıyan gəminin alınması prosedurlarının uzanmasına diqqət
çəkib.




Bundan əlavə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun
inkişafına xüsusi önəm verilib. Hökumətdə bildirilib ki, TBNM üzrə
çatdırılma müddətlərinin azaldılması, “Altınköl – Poti/Batumi”
marşrutu üzrə vahid tariflərin tətbiqi, eləcə də Azərbaycan və
Gürcüstandakı tərəfdaşlarla rəqəmsal sistemlərin inteqrasiyası
istiqamətində işlər aparılır.

Hazırda ümumi uzunluğu 3,9 min km olan dəmir yolu üzrə iri
infrastruktur layihələri həyata keçirilir. Bunlara “Moyıntı –
Qızıljar” və “Baxtı – Ayagöz” xətlərinin tikintisi, həmçinin
“Altıngöl – Jetigen”, “Şalkar – Beyneu”, “Beyneu – Manqistau” və
digər sahələrin modernləşdirilməsi daxildir.

Qeyd edək ki, Kazmortransflot (“KazMunayGas”ın törəmə şirkəti)
2025-ci ildə Aktau–Bakı–Aktau marşrutu üzrə 59,4 min iyirmi fut
ekvivalentində (TEU) konteyner daşıyıb. Bu göstərici 2024-cü illə
(51,4 min TEU) müqayisədə 15 faizdən çox artıb.