Qalib Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan Ordusunun yaradılmasının 108-ci ili
tamam olur. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1998-ci il 22 may
tarixli fərmanı ilə 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun
təşkil olunduğu gün – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı
Qüvvələri Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin bu
fərmanı tarixi varisliyə və dövlətçilik irsimizə sədaqətin
nümunəsidir.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik
etdiyi bütün siyasi mərhələlərdə hərbi məsələləri xüsusi diqqət
mərkəzində saxlayıb. Sovet illərində Azərbaycan müstəqil olmasa da,
Heydər Əliyev azərbaycanlı gənclərin hərb peşəsinə yiyələnmələri
üçün böyük işlər görmüşdü və bunun ən böyük nümunələrindən biri
1971-ci ildə Bakıda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi
liseyin yaradılması idi. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb
sənətinə marağın güclənməsinə, ordu sıralarında azərbaycanlı
zabitlərin sayının çoxalmasına böyük töhfə verdi. Bundan başqa məhz
Heydər Əliyevin sayəsində Bakı Ali Birləşmiş Komandanlıq və Bakı
Ali Hərbi Dənizçilik məktəblərində təhsil alan azərbaycanlı
gənclərin sayı artdı. Eləcə də SSRİ-nin digər nüfuzlu hərbi
məktəblərinə də azərbaycanlı gənclərin güzəştli şərtlərlə qəbul
edilmələri mümkün oldu. Buna görə də Azərbaycanın müasir tarixində
ordunun inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə
bağlıdır.

Təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində
respublikamıza rəhbərlik edənlər ordu quruculuğu kimi vacib və
məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami
ordudan və hərbi hissələrdən əsər-əlamət yox idi. Yalnız
nizam-intizamdan uzaq hərbi dəstələr vardı ki, onlar da ayrı-ayrı
qüvvələr və şəxslər tərəfindən idarə olunurdu. Ona görə 90-cı
illərin əvvəllərində torpaqlarımızı Ermənistanın işğalçı
hücumlarından müdafiə etmək mümkün olmadı.

Müstəqil Azərbaycanda nizami ordu quruculuğu yalnız Ulu Öndər
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu.
Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlamasından sonra
həyata keçirdiyi ilk tədbirlər Ermənistanın işğalçı hücumlarının
qarşısının alınması və ölkənin müdafiə potensialının hərəkətə
gətirilməsi oldu. 1993-cü il noyabrın 2-də televiziya və radio
vasitəsilə xalqa müraciət edən Ulu Öndər ölkənin taleyi üçün mühüm
əhəmiyyət daşıyan çağırış səsləndirdi. “İndi bizim ordumuz
yaranmalı və qurulmalıdır”.
Bu tarixi müraciətlə həm də
respublikamızda Heydər Əliyevin Ali Baş Komandanlığı ilə nizami
ordu quruculuğu başlandı. Nizami hərbi hissələrin formalaşdırılması
tezliklə cəbhə xəttində vəziyyətin dəyişməsinə gətirib çıxardı.

Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu
1994-cü ilin əvvəllərində cəbhənin Füzuli rayonu və Murov dağı
istiqamətində uğurlu əməliyyatlar həyata keçirdi. Ordumuz işğalçı
qüvvələri darmadağın edərək bir sıra yaşayış məskənlərini və
strateji yüksəklikləri azad etdi.

1994-cü ilin may ayında cəbhədə atəşkəsin elan edilməsi ordu
quruculuğunu daha vüsətlə həyata keçirmək üçün əlverişli zəmin
formalaşdırdı. Həmin dövrdən etibarən hərbi hissələrin
komplektləşdirilməsi, müxtəlif qoşun növlərinin formalaşdırılması
başa çatdırıldı. Ordunun silah və hərbi texnika ilə təchizatı
istiqamətində təxirəsalınmaz addımlar atıldı. O cümlədən hərbi
təhsil məsələləri diqqət mərkəzində saxlanıldı, hərbi məktəblər
qabaqcıl standartlar əsasında yenidən quruldu. 1990-cı illərin
ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli
əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə,
Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara
uyğunlaşdırılmasına səbəb oldu. Bütövlükdə, həyata keçirilən
tədbirlər – döyüş qabiliyyətinin artırılması, peşəkarlığın
yüksəldilməsi, hərbi təhsildə müasir standartların tətbiqi
Azərbaycan Ordusunu daha da gücləndirdi.

Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin tərkibinə daxil olan
bütün hərbi strukturların döyüş qabiliyyətinin artırılması
Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindən biridir.
Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident
İlham Əliyev bununla bağlı demişdi:




“Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər
görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam
edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır.
Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün
məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki,
Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara
cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə
yetirməsinə imkan verəcəkdir”.

Ötən dövrün reallıqları da göstərir ki, dövlətimizin başçısı
ordu ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxlayıb.
Bunu dövlət büdcəsindən hərbi məqsədlər üçün ayrılan xərclərin hər
il artırılması, Silahlı Qüvvələrin arsenalının ən müasir silah və
texnika ilə gücləndirilməsi, hərbçilərin sosial rifahının
yüksəldilməsi və sair bu kimi amillər də təsdiq edir. Bütün
bunların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri modern və
yüksək döyüş hazırlığına malik hərbi gücə çevrildi.

Eyni zamanda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev hər zaman açıq şəkildə bəyan etdi ki, sülh danışıqları
nəticəsiz qalarsa, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan
azad edəcəkdir. Bu mənada hələ 44 günlük Vətən müharibəsindən illər
öncə məlum idi ki, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan
azad etməyə qadirdir. Bunu 2016-cı ilin Aprel döyüşləri və 2018-ci
ilin mayında Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı da
təsdiq edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə 44 günlük Vətən
müharibəsində qazandığı möhtəşəm Zəfər və 2023-cü ildə həyata
keçirilən antiterror tədbirləri ölkəmizdə aparılan uğurlu ordu
quruculuğu siyasətinin parlaq nəticəsi oldu. Prezident İlham
Əliyevin rəhbərliyi ilə modernləşən yüksək hazırlıqlı Silahlı
Qüvvələrimiz döyüş meydanında düşməni darmadağın etməklə öz gücünü
bütün dünyaya nümayiş etdirdi. İşğal altında olan torpaqlarımızın
azad edilməsi və ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş
separatçı fəaliyyətlərə son qoyulması Azərbaycanın hərbi qüdrətinin
və peşəkar döyüş imkanlarının ən möhtəşəm təsdiqi oldu.
Ermənistanın onilliklər ərzində yaratdığı mürəkkəb müdafiə
istehkamları və mühəndis maneələri qısa müddətdə yarıldı, qarşıya
qoyulan bütün strateji vəzifələr yüksək dəqiqlik və peşəkarlıqla
icra olundu. Bu tarixi uğurlar Azərbaycan Silahlı Qüvvələrinin
dünyanın ən hazırlıqlı hərbi gücləri sırasında layiqli yer
tutduğunu əyani şəkildə göstərdi.

Artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz
bərpa olunub. Lakin Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin ən
yüksək səviyyədə olması bu gün də diqqət mərkəzindədir. Bunu son
illərdə ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsini
təmin edən tədbirlərin həyata keçirilməsi, o cümlədən hərbi
xərclərin artırılması da təsdiq edir. Vətən müharibəsindən sonra
yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbçilərdən
ibarət komando hərbi hissələrinin yaradılması ordumuzun döyüş
qabiliyyətini daha da yüksəldib. Hərbi büdcəyə gəldikdə, 2025-ci
ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard
738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata
çatdırılıb. 2026-cı ilin dövlət büdcəsindən isə müdafiə və milli
təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait
yönəldilib. Bütün bunların nəticəsidir ki, son illərdə Azərbaycan
Silahlı Qüvvələrinin döyüş imkanları daha da yüksəlib. Vətən
müharibəsindəki tarixi Zəfərimizin 5-ci ildönümü münasibətilə ötən
il noyabrın 8-də Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən
yeni hərbi texnikalar da Silahlı Qüvvələrin döyüş imkanlarının
artırılması prosesinin uğurla davam etdirildiyini göstərdi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu
strategiyası bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun uğurla davam
etdirilir və yeni məzmunla zənginləşdirilir. Xalqımızın qürur
mənbəyi olan qalib Silahlı Qüvvələrimiz bundan sonra da ölkəmizin
müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin etibarlı
təminatçısı olacaqdır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı