Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

Baş səhifə

Hanoy. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın
21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi
qarşılanma mərasimi olub.

Trend-in
xüsusi müxbiri xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət
bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və xanımı No
Fon Li Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və
birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Azərbaycanın və Vyetnamın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport
verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham
Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri isə
Prezident To Lama təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında
prezidentlərin qarşısından keçdi.

Sonra rəsmi foto çəkdirildi.