
Bakı. Trend:
Orta Dəhliz Avropa ilə Asiya arasında mütəmadi və etibarlı
əlaqəni təmin edir.
Trend xəbər verir
ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli
“Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda
İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan
Konfransında deyib.
“Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində
yerləşən Azərbaycan öz strateji mövqeyindən iqtisadi artım aləti
kimi istifadə edir. Biz beynəlxalq bazarlara çıxışı sürətləndirmək
və logistika xərclərini azaltmaq məqsədilə dəmir yolu, avtomobil,
liman, hava limanı və rəqəmsal infrastrukturun inkişafına mühüm
sərmayələr yönəltmişik. Sadələşdirilmiş gömrük prosedurlarına
əsaslanan Orta Dəhliz bu gün Avropa ilə Asiya arasında müntəzəm və
etibarlı əlaqəni təmin edir. Gələcəkdə Zəngəzur dəhlizi bu
nəqliyyat marşrutlarını daha da genişləndirərək Azərbaycanın əsas
hissəsini Naxçıvanla və oradan kənar bölgələrlə birləşdirəcək,” –
deyə o bildirib.
Bəşirli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə inşa
edilən müasir hava limanları, eləcə də illik 25 milyon ton aşırma
gücünə malik olacağı gözlənilən, genişlənməkdə olan Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı multimodal nəqliyyat sistemini tamamlayır. Bu
sistem investorların yükdaşıma müddətini qısaltmasına və tədarük
coğrafiyasını genişləndirməsinə imkan yaradır.

